İdman zamanı bu əlamətlərə diqqət!

29.09.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İdman ümumiyyətlə ürək üçün çox faydalıdır, lakin məşq zamanı orqanizmin verdiyi xəbərdarlıq siqnallarına diqqət etmək lazımdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova deyib.

Onun sözlərinə görə, xüsusilə sinədə ağrı, sıxılma, təzyiq və ya yanma hissi yaranarsa, məşqi dərhal dayandırmaq lazımdır:

“Ağrı sol qol, çiyin, kürək, boyun və ya çənəyə yayıla bilər. Bundan əlavə, adi məşq zamanı gözlənilmədən yaranan güclü nəfəs darlığı, başgicəllənmə, huş itirmə və ya huş itirməyə yaxın vəziyyət, ürəkdöyünmə, soyuq tər, güclü halsızlıq da ciddi siqnallar hesab olunur. Əgər insan əvvəllər rahatlıqla etdiyi fiziki fəaliyyəti artıq əvvəlki kimi yerinə yetirə bilmirsə və daha tez yorulursa, bunu da nəzərə almaq lazımdır. Belə simptomları “bir az dincəlim, keçər” deyərək davam etdirmək düzgün deyil. Məşqi dayandırmaq və xüsusilə sinə ağrısı, huş itirmə və ya ciddi nəfəs darlığı kimi əlamətlər olduqda təcili tibbi yardım almaq lazımdır”.

Direktor vurğulayıb ki, ürək sağlamlığını qorumaq üçün idmandan qorxmaq lazım deyil:

“Əksinə, müntəzəm və düzgün seçilmiş fiziki aktivlik ürək-damar xəstəliklərinin profilaktikasının əsas komponentlərindəndir. Sadəcə, məşqin intensivliyi insanın yaşına, fiziki hazırlığına və sağlamlıq vəziyyətinə uyğun olmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью