Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İdmanla məşğul olan insanlar arasında yayılan fikirlərdən biri də məşqlər dayandırıldıqda əzələlərin piyə çevrilməsidir. Lakin mütəxəssislər bunun elmi əsası olmayan bir mif olduğunu bildirirlər. Əzələ və piy toxumaları fərqli quruluşa malikdir və biri digərinə çevrilə bilməz.
BAKU.WS xəbər verir ki, əzələ fiziologiyası üzrə tədqiqatlar aparan professor Li Brin bu barədə "The Guardian" nəşrinə müsahibəsində danışıb.
Professorun sözlərinə görə, əzələ və piy toxumaları tamamilə fərqli toxuma növləridir. Buna görə də əzələlərin birbaşa piyə çevrilməsi mümkün deyil.
Bununla belə, müntəzəm idman edən insanlar məşqləri dayandırdıqdan sonra qısa müddətdə artıq çəki ala bilərlər. Mütəxəssis bunun səbəbini fiziki aktivliyin azalmasına baxmayaraq, əvvəlki qidalanma vərdişlərinin dəyişməməsi ilə izah edib.
Belə ki, aktiv həyat tərzi keçirən insanlar daha çox enerji sərf etdikləri üçün qidalanma zamanı da daha çox kalori qəbul edə bilərlər. Məşqlər dayandırıldıqda isə enerji sərfi azalır. Qida ilə qəbul edilən enerji sərf olunan enerjidən artıq olduqda orqanizmdə piy ehtiyatı arta bilər.
Beləliklə, məşqləri dayandırdıqdan sonra bədəndə piylənmənin artması əzələlərin piyə çevrilməsi ilə deyil, fiziki aktivliyin azalması və qidalanma vərdişlərinin dəyişməməsi ilə əlaqədardır.