Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oktyabrın 17–18-də İraqın paytaxtı Bağdad şəhərində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyası keçirilib. Azərbaycanı sessiyada xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sessiya zamanı İƏT üzv dövlətlərinin gündəliyində olan aktual məsələlər, regional və beynəlxalq çağırışlar, İƏT məkanında baş verən yeniliklər, əhəmiyyətli hadisələr, eləcə də üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə müzakirələr aparılıb.
Plenar iclasda və “Sülh və davamlı inkişafın təşviqində dialoq və həmrəylik – iki əsas sütun” mövzusuna həsr olunmuş xüsusi sessiyada çıxışlar edilib. Y.Rəfiyev regionda baş verən hərbi qarşıdurmalar, artan gərginlik və dünyada İslamofobiya trendinin yüksəlməsi ilə bağlı narahatlıq ifadə edib, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Fələstin məsələsi, eləcə də ölkəmizin qarşıdan gələn İƏT Zirvə Konfransına sədrliyinin prioritetlərinə toxunub.
Sessiyanın yekununda siyasi, iqtisadi, humanitar-mədəni və bir sıra digər istiqamətlərlə bağlı qətnamələr, habelə
Bağdad Bəyannaməsi qəbul edilib. Sənəddə Azərbaycan–Ermənistan normallaşma prosesindəki irəliləyişlər, xüsusilə iki dövlət arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması alqışlanır, Ermənistan tərəfinə İƏT üzv dövlətləri adından sülh sazişinin imzalanması istiqamətində yerdə qalan hüquqi və siyasi əngəllərin aradan qaldırılması ilə bağlı çağırış edilir.
Bəyannamədə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik ifadə olunur, habelə həmin ərazilərdə minalardan təmizlənmə fəaliyyətinə fəal dəstək verilməsi üçün də İƏT üzv dövlətlərinə çağırış edilir.
Sessiya çərçivəsində baş tutmuş müvafiq səsvermənin nəticələrinə əsasən, Azərbaycan nümayəndəsi Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Haqları Komissiyasının 2027-2030-cu illər üzrə üzvü seçilib.
XQ