İflasa uğrayan PLAN

21.11.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ tərəfindən hazırlanmış yeni “sülh planına” əsasən, Ukrayna Donbası Rusiyaya icarəyə verməli olacaq.

Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Planın şərtlərində qeyd olunur ki, Kiyev bölgəyə nəzarəti Rusiyaya verəcək. Lakin ərazi üzərində hüququnu özündə saxlayacaq. Rusiyanın ödəyəcəyi icarə haqqının məbləği haqda məlumat verilmir.

Plandakı digər vacib detallar Ukrayna Silahlı Qüvvələrinin sayının yarıbayarı azaldılması və xarici qoşunların ölkəyə gətirilməsinin qadağan olunmasıdır. Bundan başqa, ABŞ-nin hərbi yardımının durdurulması, uzaqmənzilli silahlardan imtina, ələ keçirilmiş ərazilərdə rus dilinə dövlət dili və Rus Pravoslav Kilsəsinə isə rəsmi status verilməsi də şərtlər arasındadır.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə əsasən, ərazinin, yaxud torpağın başqa dövlətə birbaşa icarəyə verilməsi nəzərdə tutulmur. Çünki bu, suverenliyin özgəninkiləşdirilməsinə bərabərdir. Ukrayna beynəlxalq müqavilələrə əsasən torpaqları xarici hüquqi və ya fiziki şəxslərə icarəyə verə bilər. 

Lakin bu cür əməliyyatlar Ukraynanın yurisdiksiyası daxilində torpaqların istifadəsinə aiddir. Burada isə torpağın yalnız kommersiya məqsədilə icarəsindən söhbət gedir. Trampın təklif etdiyi plana gəlincə, ərazilər üzərində Rusiyanın nəzarətinin təmin edilməsi mexanizmləri aydın göstərilmir. Donbas Ukraynanın yurisdiksiyanda qalacağı təqdirdə, bölgənin statusu və Rusiyanın ərazidə fəaliyyət hüququ müəyyənləşməlidir. 

Ukrayna ərazisinin başqa dövlətə icarəyə verilməsi qanunsuz hesab edilir. Belə ki,  konstitusiya və qanunvericiliyə görə, Ukrayna suveren dövlət kimi öz ərazisini icarəyə verə bilməz. Çünki bu, onun suverenliyinin ayrılmaz hissəsidir. Qanuna görə, bu cür hərəkətlər dövlət suverenliyinin və ərazi bütövlüyünün pozulması hesab edilə bilər.

Ukrayna Torpaq Məcəlləsinin 2-ci maddəsində torpaq “Ukrayna xalqının müstəsna mülkiyyəti” kimi müəyyən edilir. Bu, o deməkdir ki, ölkədəki bütün torpaqlar, o cümlədən onun əraziləri Ukrayna xalqının müstəsna mülkiyyətidir və başqa dövlətə icarəyə verilə bilməz.

ABŞ Prezidentinin planında Donbasın icarəyə verilməsi müqabilində Ukrayna öz  torpaqlarına çıxışını itirilməli olacaq. Bu səbəbdən Tramp Rusiyaya Ukraynanın üzləşdiyi maliyyə itkilərinə görə kompensasiya ödəməyi təklif edir. 

Lakin ukraynalı mütəxəssislər hesab edirlər ki, Tramp administrasiyası ərazilərin Rusiyaya verilməsi məsələsinin referenduma çıxarılmalı olduğunu anladığından,  “icarə” termini üzərində dayanıb. 

Buna baxmayaraq, Ukrayna Prezidenti ölkənin suveren  ərazilərini ümumxalq səsverməsi keçirilmədən başqa dövlətə icarəyə verə bilməz. Bu halda isə ya hərbi vəziyyət olduğuna görə referendum baş tutmayacaq, ya da xalq təklifin əleyhinə səs verəcək. Ona görə də Trampın irəli sürdüyü planın qəbul ediləcəyi inandırıcı görünmür. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: Ukrayna Rusiya Donbas ABŞ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью