Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Urbanizasiyanın sürətlə genişləndiyi müasir dövrdə şəhərsalma siyasəti əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən olunub.
Son illərdə ölkənin sosial-iqtisadi inkişafını, əhalinin rifahının yüksəldilməsini və şəhər mühitinin müasirləşdirilməsini hədəfləyən strateji qərarlar qəbul edilib, urbanizasiya proseslərinin idarə olunması, tarazlı məskunlaşmanın təmin edilməsi və ekoloji balansın qorunmasına yönələn mühüm addımlar atılıb.
Xüsusilə işğaldan azad olunmuş ərazilərdə müasir texnologiyalara əsaslanan bərpa və yenidənqurma prosesi şəhərsalma sahəsində yeni mərhələnin başlanğıcını qoyub.
Postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda geniş vüsət alan tikinti və quruculuq işləri Azərbaycanın bu sahədə əldə etdiyi uğurları nümayiş etdirməklə yanaşı, beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirib.
Artıq üçüncü ildir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə tərəfdaşlığı çərçivəsində Azərbaycanda təşkil edilən Milli Şəhərsalma Forumları bu baxımdan böyük əhəmiyyət kəsb edir.
Bu il 15–17 oktyabr tarixlərində Xankəndi və Bakı şəhərlərində keçirilən növbəti forum (NUFA3) ölkəmizin şəhərsalma və regional inkişaf sahəsindəki nailiyyətlərinin və gələcəyə dair baxışlarının beynəlxalq ictimaiyyətə sistemli şəkildə təqdim olunduğu mühüm platformaya çevrildi.
Forumun Xankəndidə işə başlaması azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq aləmdə təqdim olunması baxımından geniş imkanlar yaratdı.