Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dekabrın 6-da xarici işlər naziri Ceyhun Bayramov Maltanın paytaxtı Valetta şəhərində Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransında çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, çıxış zamanı nazir Azərbaycanın COP29-a sədrliyi, ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar istiqamətləri üzrə təşəbbüsləri, habelə postmünaqişə dövründə bölgədə vəziyyət barədə danışıb.
Azərbaycanın ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri ilə mübarizə istiqamətinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb.
Onlarla təşəbbüs və əhəmiyyətli tədbirlərlə yanaşı, COP29 çərçivəsində əvvəlki iqlim maliyyəsi hədəfini 3 dəfə üstələyərək 300 milyard dollara çatdıran Bakı Maliyyə Məqsədinin qəbulu, Paris sazişinin əsas hissəsi olan 6-cı maddə üzrə danışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun növbəti ildən fəaliyyətə başlamasının təmin olunmasının sədrliyimizin ən əhəmiyyətli uğurları sırasında olduğu qeyd edilib.
İqlim dəyişmələri ilə mübarizə sahəsində ölkəmizin beynəlxalq tərəfdaş və təşkilatlarla birgə irəli sürdüyü 9 təşəbbüsdən danışan nazir bu təşəbbüslərə geniş maraq olduğunu, çoxsaylı ölkələrin təşəbbüslərə qoşulduğunu diqqətə çatdırıb.
Bununla yanaşı, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan olunan qlobal təşəbbüslərin iqlim dəyişikliyinin müxtəlif aspektləri, o cümlədən diqqətdən kənarda qalan problemlərə vurğu edilməsi baxımından əhəmiyyəti bildirilib.
Ölkəmizə qarşı əsassız iddia və “neft-qaz ölkəsi” bəhanəsi altında aparılan sistematik qarayaxma kampaniyasına baxmayaraq, COP29-un uğurla həyata keçirildiyi və iqlim dəyişikliyi ilə mübarizə səylərinə vacib töhfə olduğu qeyd edilib.