Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda aqrar sektorun nümayəndələrini, biznes dairələrini və beynəlxalq tərəfdaşları bir araya gətirən III Beynəlxalq Aqro Biznes Forumu keçirilib. Kənd təsərrüfatında innovasiyaların tətbiqi, istehsal və emal imkanlarının genişləndirilməsi, investisiyaların cəlb olunması və yerli məhsulların beynəlxalq bazarlara çıxarılması forumun əsas müzakirə istiqamətləri olub. Forum çərçivəsində dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də aqrar sahədə yeni biznes tərəfdaşlıqlarının qurulması məsələlərinə xüsusi diqqət yetirilib.
III Beynəlxalq Aqro Biznes Forumunda 250 iştirakçı və şirkət təmsil olunub. Tədbirdə kənd təsərrüfatında innovasiyaların və qabaqcıl texnologiyaların tətbiqi, şirkətlərin qlobal rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, investisiya imkanlarının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış məsələləri müzakirə edilib. Forum çərçivəsində aqrar sahənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən biznes nümayəndələri arasında şirkətlərarası (B2B) görüşlər də təşkil olunub. Bu görüşlər yeni işgüzar əlaqələrin qurulması, qarşılıqlı maraqların müəyyənləşdirilməsi və potensial tərəfdaşlıqların inkişafı üçün imkan yaradıb.
Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB), Biznes TV və “Agriconnect Türkiye”nin təşkilatçılığı ilə keçirilən forumun əsas məqsədi aqrar sahədə fəaliyyət göstərən şirkətlər arasında dayanıqlı B2B tərəfdaşlıqların qurulması, yeni biznes əlaqələrinin yaradılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir.
Forumda səsləndirilən mövzular göstərir ki, aqrar sektorun inkişafı istehsal həcminin artırılması ilə yanaşı, məhsulların dəyər zəncirinin bütün mərhələlərində səmərəliliyin yüksəldilməsini tələb edir. Bu baxımdan düzgün brendləşdirmə, emal, maliyyələşmə imkanlarının genişləndirilməsi və bazarlara çıxış mexanizmlərinin təkmilləşdirilməsi əsas istiqamətlər kimi ön plana çıxıb.
Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov da aqrar sahəyə kompleks yanaşmanın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, kənd təsərrüfatının inkişafını yalnız əkinçilik və heyvandarlıqla məhdudlaşdırmaq olmaz. İstehsal olunan məhsulların düzgün brendləşdirilməsi, markalanması, satışının təşkili və hədəf bazarlara çıxarılması da sektorun rəqabətqabiliyyətliliyini müəyyən edən mühüm amillərdəndir. Bu yanaşma istehsalçıların məhsullarından daha yüksək gəlir əldə etməsinə, yerli məhsulların bazarlarda mövqeyinin möhkəmlənməsinə və yeni satış imkanlarının yaranmasına şərait yaradır.
Məhsulun istehsaldan son istehlakçıya qədər keçdiyi mərhələlərin təkmilləşdirilməsi baxımından emal sənayesinin inkişafı da xüsusi əhəmiyyət daşıyır. Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov diqqəti bu istiqamətdə dövlət siyasətinin prioritetlərinə yönəldərək bildirib ki, mayın 25-də qəbul edilmiş kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramında istehsalla yanaşı, ölkədə istehsal olunan məhsulların emalına da xüsusi yer ayrılıb.
Mərkəz rəhbərinin sözlərinə görə, Dövlət Proqramının icrası ərəfəsində aqrar biznes forumlarının keçirilməsi dövlət və özəl sektor arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Belə platformalar sahibkarların təcrübə və təkliflərinin bölüşdürülməsinə, mövcud problemlərin müzakirəsinə, eyni zamanda, dövlətin müəyyən etdiyi inkişaf hədəfləri ilə biznesin ehtiyaclarının uzlaşdırılmasına imkan yaradır.
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Zaur Kərimov isə aqrar sektorun ölkənin iqtisadi həyatından əlavə, tarixində, mədəniyyətində və ənənələrində də mühüm yer tutduğunu diqqətə çatdırıb. O bildirib ki, mövcud potensialın tam reallaşdırılması üçün dövlət qurumlarının, özəl sektorun və digər maraqlı tərəflərin birgə fəaliyyəti genişləndirilməlidir.
“AmCham Azərbaycan”ın rəhbərinin sözlərinə görə, 2028-ci ilədək olan strateji gündəlikdə ərzaq və aqrar sektorun dayanıqlı inkişafı əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu hədəfə çatmaq üçün biznes nümayəndələrinin təkliflərinin nəzərə alınması, sahibkarların qarşılaşdıqları çətinliklərin aidiyyəti dövlət qurumları ilə birgə müzakirəsi və onların həllinə yönələn praktiki mexanizmlərin hazırlanması vacibdir. Belə əməkdaşlıq həm biznes mühitinin yaxşılaşdırılmasına, həm də aqrar sahəyə yeni investisiyaların cəlb edilməsinə töhfə verə bilər.
Forumda aqrar istehsalın genişləndirilməsi üçün maliyyə resurslarına çıxışın yaxşılaşdırılması məsələsi də müzakirə olunub. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov bu istiqamətdə təklif olunan yeni mexanizmin istehsalçıların maliyyələşmə imkanlarını artıracağını bildirib. Onun sözlərinə görə, mexanizm aqrar istehsalın əvvəlcədən maliyyələşdirilməsinə imkan verəcək. Şəhadətnamənin növündən asılı olaraq, istehsalçı öhdəliyini pul vəsaiti və ya məhsul təqdim etməklə yerinə yetirə biləcək.
O qeyd edib ki, yeni maliyyə aləti fermerlər, təchizatçılar və maliyyə təşkilatları arasında etimadın gücləndirilməsinə, aqrar sektorda maliyyə resurslarına əlçatanlığın artırılmasına xidmət edəcək. Eyni zamanda, müəyyən edilmiş meyarlara cavab verən fermerlərə əkin subsidiyasının bir hissəsinin avans şəklində ödənilməsi nəzərdə tutulur. Bu yanaşma əkin mövsümünün əvvəlində yaranan maliyyə ehtiyaclarının qarşılanmasına, istehsal prosesinin vaxtında təşkilinə və təsərrüfatların fəaliyyətinin daha səmərəli planlaşdırılmasına kömək edə bilər.
Aqrar sektorun inkişaf perspektivləri beynəlxalq şirkətlərin də diqqət mərkəzində olub. Forumda iştirak edən Pakistan mənşəli “Farmwell” şirkətinin baş icraçı direktoru Yunus Sandeela şirkətin təcrübəsi və yeni bazarlara çıxış strategiyası barədə danışıb. O bildirib ki, 2009-cu ildən fəaliyyət göstərən “Farmwell” aqrobiznes üzrə məsləhət xidmətləri, dayanıqlı inkişaf və sosial təsir istiqamətlərində çalışır. Şirkətin baş ofisi Birləşmiş Ərəb Əmirliklərində yerləşir, Cənubi Asiya və Afrika ölkələrində də fəaliyyəti mövcuddur.
Y.Sandeelanın sözlərinə görə, şirkət yeni bazarlara daxil olarkən bir sıra meyarları nəzərə alır. Bunlara ölkənin güclü kənd təsərrüfatı bazasına və təbii istehsal potensialına malik olması, regional baxımdan şirkətin fəaliyyət coğrafiyasına uyğunluğu, eləcə də hökumətin aqrar sektora göstərdiyi dəstək daxildir. Bu meyarlar Azərbaycanın aqrar imkanlarının beynəlxalq biznes subyektləri üçün təqdim edilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından da əhəmiyyət kəsb edir. Qeyd edək ki, məclis iştirakçıların məruzələri ilə davam edib.
Xatırladaq ki, artıq ənənə halını alan Beynəlxalq Aqro Biznes Forumu əvvəlki illərdə də geniş iştirakçı auditoriyası ilə diqqət çəkib. 2023-cü ildə keçirilən ilk forumda 10 ölkədən 55 şirkət və 900 iştirakçı, 2024-cü ildə təşkil olunan ikinci forumda isə 10 ölkədən 30 şirkət və 2000 iştirakçı yer alıb. Üçüncü forumun keçirilməsi aqrar biznes sahəsində əlaqələrin genişləndirilməsi, yerli istehsalçıların beynəlxalq tərəfdaşlarla bir araya gəlməsi və sektorun yeni inkişaf imkanlarının müzakirəsi baxımından bu platformanın davamlılığını nümayiş etdirir.
N.ABDALOV
XQ