Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı sülhün əsas şərtlərindəndir Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfrans keçirilib.
Əvvəlcə Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Daha sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Konfransda indiki Ermənistan ərazisində yaşamış azərbaycanlılara məxsus mədəni irsin vəziyyəti, bu irsin qorunması və dirçəldilməsi, həmçinin qayıdış hüququnun beynəlxalq hüquq və mədəni irsin müdafiəsi kontekstində qiymətləndirilməsi müzakirə edilib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov çıxışında bildirib ki, İcma son 200 ildə Ermənistan ərazisindən mərhələlərlə qovulan milyonlarla insanı və onların varislərini birləşdirən ictimai təşkilatdır: “İcmanın fəaliyyətinin əsas xətti həmin insanların, xüsusilə də 1987-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsinin ilk mərhələsində öz doğma yurdlarından amansız şəkildə qovulan 300 min nəfər qaçqının öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir”.
Onun sözlərinə görə, bu, həm insan hüquqlarına, həm də beynəlxalq hüquqa əsaslanan haqlarının bərpasıdır.
Ona görə də biz fəaliyyətimizdə beynəlxalq hüquqa söykənir, qayıdış hüququ ilə bağlı beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplərin həyata keçirilməsini tələb edirik.