III qrup üzrə 400 bal yığan Əli: Hüquqşünas olmaq istəyirəm

11.06.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

III qrup üzrə ən yüksək nəticəni 400 balla Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu Əli Ruslan oğlu İbrahimov göstərib.

Bu münasibətlə Oxu.Az Əli İbrahimovla həmsöhbət olub.

- Əli, III ixtisas qrupu üzrə ən yüksək nəticə göstərmisiniz. Bu nəticəni əldə etmək necə bir hissdir?

- Əlbəttə, sevindirici bir hissdir. İnsan özü ilə fəxr edir. Biləndə ki, ailəsi adamla qürur duyur, o zaman insan daha da fərəhlənir.

- Hansı peşəyə yiyələnməyi hədəfləyirsiniz?

- Hüquqşünas.

- Niyə məhz hüquqşünas? Sadəcə adı xoşunuza gəlir, yoxsa bir məqsədiniz var?

- Hüquqşünas peşəsinin ağırlığı, xaricdən görünüşü xoşuma gəlir. (gülür)

- Xaricdən necə görünür ki, hüquqşünas peşəsi?

- Nə bilim... Ağır, sanballı. (gülür)

- Sosial şəbəkələrdən istifadə edirsiniz?

- Xeyr.

- Heç birindən?

- Bəli. Heç birindən istifadə etmirəm.

- İnanım yəni?

- İnanın. (gülür)

- Smartfondan da istifadə etmirsiniz?

- Daha çox valideynlərimin telefonlarından istifadə edirəm.

- İmtahana özünüz hazırlaşmısınız, yoxsa repetitor yanına getmisiniz?

- Repetitor yanına getmişəm. (gülür)

- Əgər əldə etdiyiniz bu uğuru iki yerə böləsi olsanız, ən böyük pay kimə düşər?

- Əlbəttə ki, valideynlərimə. Çünki mənimlə bərabər, hətta mənim zəhmətimdən də artıq onlar əziyyət çəkiblər.

- Valideynləriniz nə işlə məşğuldurlar, bilmək olar?

- Atam bizneslə məşğul olur, anam fizika müəlliməsidir.

- Necə düşünürsünüz, şagirdlərin uğurlu nəticə əldə etməsi əsasən nəyə bağlıdır?

- Onların iradəsinə, prinsipial çalışmalarına. Əgər öz iradələrini qoruyub davamlı şəkildə çalışsalar, yəqin ki mütləq uğur əldə edəcəklər.

- İmtahan nəticələri ilə bağlı yəqin ki, bir təxmininiz var idi, neçə bal gözləyirdiniz?

- Özüm 395-dən yuxarı bal gözləyirdim. Hesab edirdim ki, birdən hansısa mexaniki səhv də ola bilər. O da şükür ki olmadı.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью