Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial mediada canlı yayımda çıxışı zamanı deyib ki, bu il ən şanslı qrup 1-ci qrupdur.
Sədrin fikirlərini Redaktor.az-a şərh edən təhsil eksperti Elçin Murad bildirdi ki, bu il ümumiyyətlə I və II qruplarda həmişəki kimi vəziyyət o qədər də pis deyil:
"I qrupda vəziyyət daha rahatdır. Xüsusilə kimya ixtisasları üzrə sənəd verənlər üçün plan yerləri çoxdur. Amma informatika üzrə sənəd verənlərdə plan yerləri ilə abituriyentlərin sayı arasında böyük fərq var. Hardasa 6000 nəfər civarında ümumi balı 200-ü, blok imtahanında isə 100-ü keçən abituriyent informatika üzrə sənəd verib. Blok imtahanında 100 balı keçməyən, amma ümumi balı 200-ü keçənlərin sayı isə 10 999 nəfər, yəni təxminən 11 000 nəfərdir. Halbuki, informatika üzrə ayrılmış ümumi plan yeri 8000-ə yaxındır. Görünür ki, bu ixtisaslar içərisində informatika üzrə sənəd verənlər həm ödənişsiz təhsilə qəbul ola, həm də ümumiyyətlə kənarda qalmaya bilərlər. Düzgün ixtisas seçimi olarsa, o qədər də ciddi problem yaşanmayacaq".
Ekspert həmçinin qeyd etdi ki, II qrupda da demək olar ki, vəziyyət stabildir və o qədər də pis deyil:
"Əsas problem III qrupdadır. III qrupda 250 baldan aşağı nəticə ilə ixtisas seçimi edən abituriyentlərin qəbuldan kənarda qalmaq ehtimalı 99%-dir. Hardasa 6000-dən çox abituriyent III qrup üzrə qəbuldan kənarda qalacaq. Bu da istər-istəməz qeyd etdiyim ümumi rəqəmi ortaya çıxarmağa imkan verir. IV qrupda da həmişəki kimi vəziyyət eynidir. Çətin vəziyyət olacaq. Aşağı ballı ixtisaslarda həm ixtisas seçimi etmək, həm də ümumiyyətlə həmin ixtisaslar üzrə keçid ballarının qalxma ehtimalını nəzərə aldıqda problem yaranır. Yüksək ballarda isə elə bir problem olmur. Bu il Tibb Universitetində həm təhsil haqlarının aşağı düşməsi, həm də elan olunmuş plan yerlərinin çox olması yüksək bal toplayan abituriyentlər üçün müəyyən rahatlıq yaratsa da, aşağı bal toplayan abituriyentlər arasında ciddi rəqabət yaradır. Ona görə də III və IV qruplar həmişəki kimi daha çox çətinlik çəkəcəklər. I və II qruplar isə müəyyən qədər diqqətli olsalar, rahat şəkildə ixtisas seçimi edərək universitetə qəbul ola biləcəklər".
NURİYYƏ