İİTKM “FinTech Awards 2026” beynəlxalq mükafatının qalibi olub

11.11.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Birləşmiş Krallıqda fəaliyyət göstərən “Wealth & Finance International” nəşrinin təşkil etdiyi “FinTech Awards 2026” beynəlxalq mükafat proqramının qalibi elan olunub.

XQ xəbər verir ki, mərkəz “Best Smart Monitoring Platform for Socio-Economic Development Strategy 2026” (Sosial-iqtisadi inkişaf strategiyası üzrə ən yaxşı ağıllı monitorinq platforması) nominasiyası üzrə mükafata layiq görülüb.

Beynəlxalq mükafat İİTKM-in dövlət proqramlarının və strategiyaların monitorinqi və qiymətləndirilməsi sahəsində rəqəmsal texnologiyaların tətbiqi, innovativ analitik həllərin inkişafı və məlumatlara əsaslanan idarəetmənin təşviqi istiqamətində fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasını əks etdirir.

“FinTech Awards 2026” mükafat proqramının rəsmi təqdimatında İİTKM Azərbaycanda dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsini həyata keçirən milli institut kimi qeyd olunub. Mərkəzin “Smart Monitoring” platformasının “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının izlənilməsindəki rolu xüsusi vurğulanıb. Platforma strateji sənədlərdə müəyyən edilmiş hədəflər, tədbirlər və nəticələr üzrə məlumatların sistemləşdirilməsinə, icra vəziyyətinin izlənilməsinə və əldə olunan nəticələrin təhlilinə imkan verir. Rəqəmsal monitorinq mexanizmləri strateji prioritetlərin icrasının qiymətləndirilməsinə, habelə idarəetmə qərarlarının analitik məlumatlar əsasında formalaşdırılmasına dəstək göstərir.

Beynəlxalq mükafatın rəsmi təqdimatında əsas meyar kimi İİTKM-in “Smart Monitoring” platformasının real vaxt rejimində nəticələrin izlənilməsi, süni intellekt dəstəkli analitika və faktlara əsaslanan qərarvermə imkanları vurğulanır. Eyni zamanda, platformanın Strategiyada nəzərdə tutulan “Cəmiyyətin sağlam həyat tərzi” məqsədi də daxil olmaqla, sosial-iqtisadi inkişaf hədəflərinin həyata keçirilməsinə dəstək göstərdiyi qeyd olunur. Bu, monitorinq və qiymətləndirmə proseslərinin səmərəliliyinin artırılması, strateji hədəflərlə əldə olunan nəticələr arasında əlaqənin daha sistemli təhlili baxımından əhəmiyyət daşıyır.

Mükafat haqqında ətraflı məlumatla “Wealth & Finance International” nəşrinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью