Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kulis.az Əli Ucalın "İki böyrəkli alçaqlar" adlı yeni hekayəsini təqdim edir.
Hadisə vaqeə olunur bizdən çox-çox uzaq, iraq-iraq ölkələrin birində - Şimali Happylanddə.
Bu ölkə barədə əvvəlcə onu deməliyik ki, yarımada ölkəsi olan Happylandin əvvəllər tək qonşusu cənubda keçilməz dağları və şimalda ucsuz-bucaqsız dənizləriydi.
Daha sonra ölkədə başlayan vətəndaş müharibəsinin nəticəsi olaraq Happyland ikiyə bölünmüş, bu bölünmə vətəndaşları öz yerlərindən pərən-pərən salmışdı.
Bölünmə nəticəsində qərara alındı ki, bütün şərəfli və namuslu vətəndaşlar şimalda qalmalı, murdar və alçaq adamlar isə cənuba keçməlidirlər.
Burada ən maraqlısı o idi ki, bütün murdar insanlar eyni anda murdar insan olduğunu könüllü surətdə qəbul eləmiş və heç bir etiraz etmədən cənub tərəfə yaşamağa razı olmuşdular.
Və məhz bu səbəbdən şimaldakılar cənubdakı soydaşlarına dərin bir nifrət, kin bəsləyir, onları özündən saymırdılar.