Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Baş Müdirliyinin ortaq layihəsi çərçivəsində Ankarada keçiriləcək “Kültür yolu” festivalı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunacaq.
İki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə CSO Ada Ankara salonunda konsert proqramı bu ayın 19-da keçiriləcək.
Ankara Dövlət Opera Orkestri, TRT Birləşmiş Xorunun müşayiəti, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə davam edəcək konsertdə iki qardaş ölkənin opera sənətçiləri iştirak edəcəklər. Proqramın repertuarında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri, tanınmış bəstəkarların seçilmiş əsərləri yer alacaq.
Azərbaycan və Türkiyə musiqi mədəniyyətlərinin eyni səhnədə möhtəşəm şəkildə qovuşacağı konsert iki qardaş ölkənin zəngin musiqi irsini, ortaq mədəni dəyərlərini və əsrlər boyu formalaşmış mənəvi bağlarını sənətin ecazkar dili ilə nümayiş etdirməklə, milli mədəniyyətimizin və Türk dünyasının ortaq mədəni irsinin geniş təbliğinə mühüm töhfə olacaq.
XQ