Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatının finalına yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, dünya çempionatlarının ikiqat gümüş mükafatçısı yarımfinalda İran təmsilçisi Əli Zəbihullah Oskouya qalib gələrək özü üçün ən azı gümüş medalı təmin edib.
Oktyabrın 25-də keçiriləcək həlledici görüşdə Süleymanov moldovalı Aleksandrin Qutsu ilə qarşılaşacaq.
Daha əvvəl dördqat dünya çempionu Eldəniz Əzizli (55 kq) finala vəsiqə qazanıb. O, yarımfinalda hazırkı dünya çempionu, gürcüstanlı Vaxtanq Loluaya 5:1 hesabı ilə qalib gəlib. Onun qızıl medal uğrunda mübarizədə rəqibi iranlı Payam Əhmədi Balutaki olacaq. Əzizli üçün bu, karyerasında dünya çempionatının beşinci finalı olacaq.
İlk yarış günündə mübarizə aparan Azərbaycanın digər iki təmsilçisi isə medal uğrunda mübarizəni başa vurub.
Murad Məmmədov (60 kq) 1/4 finalda qazaxıstanlı Aydos Sultanqaliyə 1:4 hesabı ilə məğlub olub. Daha sonra Sultanqali yarımfinalda yaponiyalı Koto Qomiyə 1:5 hesabı ilə uduzub və bununla da azərbaycanlı güləşçini təsəlliverici turnirdə iştirak etmək imkanından məhrum edib.
Qurban Qurbanov (82 kq) da 1/4 finalda mübarizəni dayandırıb. O, Qırğızıstanın ikiqat dünya çempionu Akjol Mahmudova 6:7 hesabı ilə məğlub olub. Görüşün gedişində azərbaycanlı güləşçi 6:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib. Mahmudov daha sonra yarımfinalda türkiyəli Yüksel Sarıçiçəyə uduzub. Nəticədə Qurbanov da bürünc medal uğrunda mübarizə aparmaq şansını itirib.
Beləliklə, dünya çempionatının ilk gününün nəticələrinə əsasən, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması iki medalı təmin edib. Medalların əyarı oktyabrın 25-də müəyyənləşəcək. (İdman.Biz)