İki kitab, iki ərməğan

14.04.2025

Icma.az, 525.az saytına istinadən bildirir.

Son illərdə Azərbaycan Yazıçılar Birliyi və Türkiyənin nüfuzlu  təşkilatı olan Türk Ədəbiyyatı Vaqfı arasındakı qarşılıqlı ədəbi əməkdaşlıq layihəsi çərçivəsində bir sıra yeni kitablar işıq üzü görüb. Layihənin əsas məqsədi Türk ədəbiyyatının ən layiqli nümunələrini Azərbaycan oxucusuna, eləcə də Azərbaycan ədəbiyyatının görünməyən tərəflərini türk oxucusuna tanıtmaqdır. Bu yaxınlarda əməkdaşlıq layihəsinin tərkib hissəsi kimi  daha iki kitab çapdan çıxıb. İstanbulda görkəmli Azərbaycan dramaturqu, böyük teatr xadimi, mütəfəkkir Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə  “Cəfər Cabbarlı. Seçilmiş  pyesləri” kitabı  türk dilinə uyğunlaşdırılaraq  türkiyəli oxuculara təqdim edilib. Eləcə də Bakıda  tanınmış türk  ədəbiyyatı tarixçisi, alim, Azərbaycan sevdalısı  Əhməd Kabaklının anadan olmasının 100 illiyi münasibətilə  
“Azərbaycan ədəbi irsi” kitabı  oxucuların ixtiyarına verilib. 

Türk Ədəbiyyatı Vəqfinin “Turay” Kitab Nəşriyyatında çapdan çıxan “Cəfər Cabbarlı. Seçilmiş pyesləri” kitabına dramaturqun “Aydın” , “Vəfalı Səriyyə”, “Oktay Eloğlu” və “Ədirnənin fəthi” kimi yüksək ədəbi meyarlara  malik olan əsərləri  daxil olunub. Kitabın tərcüməçisi türkiyəli  yazar Atabəy Barışdır.  Məlumdur ki, Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatına, mədəniyyətinə misilsiz töhvələr vermiş,  Azərbaycan teatrının inkişafında mühüm rol oynamış ən parlaq imzalardan biridir. Onun ictimai ədalətsizliyi, nadanlığı, cəhaləti qamçılayan, milli şüurun oyanmasında,  xalqın maariflənməsi və qadın azadlığı uğrundakı mübarizədə böyük rolu olan əsərləri təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası ədəbiyyatı üçün ən qiymətli örnəklərdir. Yaşadığı dövrün  sosial-ictimai mühitinə realistcəsinə işıq tutan dramaturqun dolğun və məzmunlu əsərləri türk oxucuna kifayət qədər tanış deyildi və bu kitab həm ortaq mədəniyyətimizin, keçmişimizin tanıdılması, həm də Cəfər Cabbarlı dühasının təbliği baxımından çox əhəmiyyətlidir.  Azərbaycan ədəbiyyatının görkəmli öncülü, Xalq yazıçısı Anar kitaba yazdığı “Azad bir quşdum” adlı ön sözündə Cəfər Cabbarlı şəxsiyyətinə və yaradıcılığına üz tutaraq onun yaradıcılıq taleyinin oxuculara məlum olmayan  tərəflərini  özünəməxsus yazı üslubu ilə qələmə alıb  və dramaturq haqqında öz təəssürat və düşüncəsini  bölüşüb:   “Cəfər Cabbarlı daxilən azad insan olaraq doğulmuşdu - azad quş olmuşdu. Öz yuvasından - müstəqil Azərbaycanın mənəvi mühitindən uçaraq, yad yerə - "sovet bağı"na düşmüşdü. Ovçunun - rejimin gülləsinə tuş gəlir, torpağa düşür, həbs olunur. Ancaq bu sadə mahnının bədbin sonluğuna rəğmən Cəfər Cabbarlı torpağa düşsə də, nəfəsi kəsilmədi. Antey gücünü torpaqdan aldığı kimi, o ayağa qalxdı, durdu və olduqca sərt şərtlər hüdudunda özünün qeyri-adi istedadının qüdrətiylə demək istədiyinin çoxunu deyə bildi”.

Böyük türk ədəbiyyatşünası, alim Əhməd Kabaklının əsərlərinin seçmələrindən ibarət “Azərbaycan ədəbi irsi”  kitabı isə Azərbaycan Yazıçılar Birliyi “Qobustan” dərgisinin əlavəsi kimi “Qanun” nəşriyyatında işıq üzü görüb. Kitabı dilimizə Filologiya elmləri doktoru Eşqanə Babayeva çevirib. 

“Azərbaycan ədəbi irsi”  kitabına alimin müxtəlif vaxtlarda qələmə aldığı Azərbaycan ədəbiyyatı haqqındakı araşdırma yazıları yer alıb. Kitaba daxil olan hər bir əsər Əhməd Kabaklının  Azərbaycan xalqına, ədəbiyyatına olan sevgisindən və onun ədəbiyyatımız, tariximiz haqqındakı geniş bilgisindən xəbər verir. 

Kitaba ön söz yazan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Əhməd Kabaklı və Azərbaycan ədəbiyyatı” məqaləsində türk ədəbiyyatında böyük xidmətləri olan Əhməd Kabaklının yaradıcılıq və  fəaliyyətindən geniş söz açır.  İsa Həbibbəyli, Kabaklının “Türk ədəbiyyatı” çoxcildliyindəki  Azərbaycan ədəbiyyatına həsr etdiyi  araşdırmalara toxunuraq göstərir ki, Əhməd Kabaklı  XX əsrə qədərki Azərbaycan ədəbiyyatının mükəmməl bir elmi salnaməsini yaratmışdır: “ Türkiyədə müxtəlif dərsliklərdə, tədqiqat əsərlərində və antologiyalarda Azərbaycan ədəbiyyatının ayrı -ayrı inkişaf mərhələlərindən və ya bir çox görkəmli yazıçı və şairlərdən bəhs edilsə də, ilk dəfə olaraq professor Əhməd Kabaklının “Türk ədəbiyyatı” çoxcildliyində Azərbaycan ədəbiyyatının bu gün əsas dövrləri və həmin dövrləri təmsil edən sənətkarları Əhməd Kabaklı tərəfindən ardıcıl  və sistemli olaraq söz açılmışdır.  Buna görə də onun tədqiqatları Azərbaycan ədəbiyyatı haqqında əsasən tam və ümumiləşdirilmiş elmi təsəvvür yarada bilir”. 

“Azərbaycan ədəbi irsi” kitabındakı  “Dədə Qorqud” məqaləsində Əhməd Kabaklı bu qədim türk dastanının yaranmasından, onun bədii xüsusiyyətlərindən söz açır. 90-cı illərdə Bakıya gələn Əhməd Kabaklı burada “Dədə Qorqud” (ssenari müəllifi: Anar, rej: Tofiq Tağızadə) filmini izlədiyini və təsirləndiyini qələmə alır  və tarixə, qədim türk mədənyyətinə olan diqqətə görə filmin yaradıcı heyətinə təşəkkürünü  bildirir. 

Nəsimi, Füzuli, Əhməd Cavad, M. Ə. Sabir, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Şəhriyar, Səhənd və s haqqında qələmə aldığı araşdırmalarında Əhməd Kabaklı bu qələm adamlarının yaradıcılığını fərqli  fəlsəfi-düşüncə  tərzində araşdırır və özünün o taylı-bu taylı  Azərbaycan ədəbiyyatına olan marağını, sevgisini bir daha sərgiləyir.

Şübhəsiz ki, Azərbaycan ədəbiyyatının, tarixinin  türk dünyasında tanıdılmasında  “Azərbaycan ədəbi irsi” kitabının əhəmiyyəti böyükdür və kitabdan elmi işçilər, ədəbiyyat mütəxəssisləri, tələbələr faydalana biləcəklər. Eyni zamanda  bu kitab  Azərbaycan ədəbiyyatının tədqiqi  yolunda böyük alimin çəkdiyi zəhmət və  yorulmaz fəaliyyətinə görə, ona  Azərbaycan xalqının bir ehtiram və təşəkkürüdür.  

Qeyd edək ki, kitabın həm Türkiyədə, həm də Azərbaycanda oxucular qarşısında geniş təqdimatı nəzərdə tutulub. 

Yaxın gələcəkdə isə Türk Ədəbiyyatı Vəkfi ilə Azərbaycan Yazıçılar Birliyinin arasındakı ədəbi sazişin nəticəsi olaraq bir çox yeni, dəyərli  kitablar oxuculara ərməğan ediləcək. 
Narıngül Nadir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью