İki klub, bir şəhər, bir futbol sevgisi!

03.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncədə futbola maraq həmişə olub, bu gün də var. Bu şəhərdə futbol bir sevgi, bir ənənə, bəzən də bütöv bir nəslin həyatının ayrılmaz hissəsi olub. “Kəpəz” adı çəkiləndə minlərlə insanın yaddaşında unudulmaz qələbələr, dolu tribunalar, Azərbaycan futboluna bəxş edilmiş istedadlı oyunçular canlanır.

İndi isə Gəncənin futbol həyatında daha bir ad getdikcə özünə yer edir — “Gəncəbasar”. Beləliklə, bu gün şəhərin iki futbol təmsilçisi var. Biri zəngin tarixə, böyük ənənələrə malik “Kəpəz”, digəri isə iddialı addımları ilə diqqət çəkən “Gəncəbasar”. Onların fərqli liqalarda mübarizə aparması, müxtəlif idarəçilik və inkişaf yolları seçməsi bir həqiqəti dəyişmir: hər ikisi Gəncənin futboluna xidmət edir.

“Kəpəz” Azərbaycan futbolunun canlı tarixidir. Bu klubun adı Gəncənin idman şöhrəti ilə ayrılmaz şəkildə bağlıdır. Onun qazandığı uğurlar, yetişdirdiyi futbolçular, ölkə çempionatlarında yazdığı tarix heç vaxt unudulmayacaq. Bu gün də “Kəpəz”in hər qələbəsi şəhərdə böyük sevinclə qarşılanır.

Elə son turda “İmişli” üzərində qazanılan 1:0 hesablı qələbə də bunun təsdiqidir. Namiq Ələsgərovun 77-ci dəqiqədə vurduğu gözəl qol yenidən Gəncə tribunalarını ayağa qaldırdı. Komanda 17 xalla Premyer Liqanın turnir cədvəlində beşinci pilləyə yüksəldi. Bu nəticə “Kəpəz”in öz mövqeyini möhkəmləndirmək əzmindən xəbər verir.

Amma Gəncənin futbol həyatı artıq təkcə “Kəpəz”in nəticələri ilə məhdudlaşmır.

Birinci Liqada çıxış edən “Gəncəbasar” da uğurlu oyunları ilə diqqəti cəlb edir. Komanda keçirdiyi 6 oyunda 5 qələbə qazanıb, 15 xal toplayaraq turnir cədvəlinin birinci pilləsinə yüksəlib. Rəqib qapılarından 17 top keçirən, öz qapısında cəmi 4 qol görən kollektivin belə inamlı çıxışı təsadüfi görünmür. Üstəlik, komandanın hücumçusu Dileyn Açimi 12 qolla liqanın bombardirlər yarışına başçılıq edir.

Bu nəticələr “Gəncəbasar”ın ciddi iddialarla meydana çıxdığını göstərir. Lakin məsələnin daha mühüm tərəfi yalnız turnir cədvəlindəki mövqe deyil. Əsas məsələ Gəncədə futbolun inkişafı üçün daha bir imkanın, yeni təşəbbüsün və sağlam idman mühitinin yaranmasıdır.

Bu baxımdan Namiq Qədirovun təşəbbüsü xüsusi diqqətə layiqdir. Futbola sərmayə qoymaq, yeni klub formalaşdırmaq, onu rəqabətədavamlı kollektivə çevirmək asan məsələ deyil. Belə təşəbbüslər təkcə bir komandanın deyil, bütövlükdə bölgə futbolunun inkişafına töhfə verə bilər.

Ən başlıcası, bu işin davamı olmalıdır. Bu gün əsas komandaların qazandığı qələbələr nə qədər sevindiricidirsə, sabah onların öz yetirmələrini meydana çıxarması bir o qədər əhəmiyyətlidir.

Gəncənin və ətraf rayonların futbol istedadları heç vaxt az olmayıb. Samuxda, Göygöldə, Goranboyda, Şəmkirdə və digər bölgələrdə futbola həvəs göstərən yüzlərlə uşaq və yeniyetmə var. Onlara düzgün təlim, yaxşı məşqçilər və müasir şərait yaradılsa, gələcəyin güclü futbolçularını yetişdirmək mümkündür.

Bu mənada futbol akademiyasının yaradılması və inkişaf etdirilməsi mühüm istiqamətlərdən biri olmalıdır. Akademiya sadəcə uşaqların məşq etdiyi məkan deyil, gələcək peşəkar futbolçuların yetişdiyi sistem olmalıdır. Orada istedadlar erkən yaşlardan seçilməli, müasir futbolun tələblərinə uyğun hazırlanmalı, əsas komandalara qədər yüksəlmək imkanı qazanmalıdırlar.

Əgər Gəncənin iki klubu da öz futbol məktəblərini gücləndirsə, bundan ilk növbədə Azərbaycan futbolu qazanar. Ən yaxşı nəticə o olar ki, sabah həm “Kəpəz”in, həm də “Gəncəbasar”ın heyətində daha çox yerli futbolçu görək. Beləliklə, klubların xarici oyunçulardan asılılığı da tədricən azalar.

Digər mühüm məsələ idman infrastrukturudur. Samux ərazisində 5–6 min tamaşaçı tutumuna malik müasir stadionun inşası ideyasının reallaşması bölgə futbolu üçün ciddi hadisə ola bilər. Belə bir arena yalnız rəsmi oyunların keçirilməsinə deyil, uşaq və yeniyetmə futbolunun inkişafına, yeni futbol mərkəzinin formalaşmasına da xidmət edər.

Əlbəttə, futbol təkcə maliyyə imkanları və stadionlardan ibarət deyil. Burada düzgün idarəçilik, səbir, peşəkarlıq və uzunmüddətli strategiya da vacibdir. Bir mövsümün uğuru ilə kifayətlənmək olmaz. Əsl uğur illərlə davam edən sistemli işin nəticəsində yaranır.

Bəzən belə bir sual ortaya çıxır: Gəncəyə iki futbol klubu lazımdırmı?

Əslində, sualı başqa cür qoymaq daha doğru olar: böyük futbol ənənələri olan Gəncənin niyə daha çox güclü klubu, daha çox futbol akademiyası, daha çox istedadlı yetirməsi olmasın?

Axı “Gəncəbasar”ın inkişafı “Kəpəz”in nüfuzuna kölgə salmır. Eləcə də “Kəpəz”in tarixi və uğurları digər klubun böyüməsinə maneə deyil. Əksinə, hər iki komandanın inkişafı futbol mühitini canlandırır, gənclər üçün yeni imkanlar açır, şəhərin idman həyatına əlavə rəng qatır.

“Kəpəz”in tarixi, azarkeş ordusu və ənənələri onun ən böyük sərvətidir. “Gəncəbasar”ın üstünlüyü isə yeni təşəbbüslərə, fərqli inkişaf imkanlarına açıq olmasıdır. Bu iki potensial bir-birinə qarşı deyil, Gəncə futbolunun ümumi mənafeyinə xidmət etməlidir.

Bu gün azarkeşlərin “Kəpəz”in Premyer Liqadakı qələbələrinə sevinməsi, eyni zamanda “Gəncəbasar”ın Birinci Liqadakı uğurlarını maraqla izləməsi tamamilə təbiidir. Çünki söhbət nəticə etibarilə eyni şəhərin, eyni futbol sevgisinin yaşadılmasından gedir.

“Gəncəbasar”–“Zaqatala” oyununu stadionda izləyirdim. Gördüm ki, bizdən azacıq kənarda “Kəpəz”in baş məşqçisi Azər Məmmədov və klub rəhbərliyinin digər üzvləri də oyunu maraqla izləyir, qolları alqışlayır, sevinir, həyəcanlanırdılar. Düzü, bu, mənə ləzzət elədi.

Yeri gəlmişkən, həmin oyun günü “Gəncəbasar” layihəsinin müəllifi Namiq Qədirovla məni tanış etdilər. Onu qiyabi tanısam da, qarşımda olduqca sadə, təvazökar, futbolla nəfəs alan, onun inkişafı naminə əlindən gələni etmək istəyən bir insan dayanmışdı.

İlqar Nadirinin və Cabir İbrahimovun da bu klubun rəhbərliyində yer alması onu göstərir ki, Namiq müəllim təcrübəli, özünə sadiq insanları bura cəlb etməklə mütəşəkkil bir kollektiv yaratmaq əzmindədir. Nə deyirik, təki Gəncə futbolu inkişaf etsin, sorağı hər yerə yayılsın.

İndi əsas vəzifə bu futbol canlanmasını ötəri uğurlardan davamlı inkişaf mərhələsinə keçirməkdir. Klub rəhbərlərinin, iş adamlarının, məşqçilərin və idman ictimaiyyətinin səyləri gələcəyin futbolçularının yetişdirilməsinə yönəlməlidir.

Gəncə vaxtilə Azərbaycan futboluna böyük adlar bəxş edib. Bu şəhərin həmin ənənəni davam etdirmək üçün həm potensialı, həm də futbol sevgisi var.

Qoy “Kəpəz” də güclənsin, “Gəncəbasar” da inkişaf etsin. Qoy Gəncənin stadionlarında azarkeşlərin alqışları heç vaxt kəsilməsin. Ən əsası isə, bu gün atılan addımlar sabah Azərbaycan futboluna yeni istedadlar qazandırsın.

Çünki burada söhbət iki klubdan getsə də, sevgi birdir-Gəncə sevgisi, futbol sevgisi!

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью