İki Koreya müharibə edəcək?

01.10.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Cənubi Koreya Prezidenti Li Çje Myon Koreya yarımadasında gərginliyin artmasına baxmayaraq, Şimali Koreya ilə münasibətlərdə hərbi gərginliyin azaldılması istiqamətində səyləri davam etdirəcəklərini açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, o, iki ölkə arasında hərbi gərginliyin azaldılması üçün praktiki addımlar atacaqlarını bildirib.

Li Çje Myon Cənubi Çunçxon əyalətində yerləşən Kyeryongde hərbi qərargahında keçirilən 78-ci Silahlı Qüvvələr Günü mərasimində çıxışı zamanı Şimali Koreya ilə artan gərginliyin azaldılmasında qətiyyətli olduqlarını vurğulayıb.

“Administrasiyam iki Koreya arasında hərbi gərginliyin azaldılması üçün praktiki tədbirləri ardıcıl şəkildə həyata keçirməyə davam edəcək”, – deyə Cənubi Koreya lideri bildirib.

İki ölkə arasındakı problemlərin həllinin asan olmadığını qeyd edən Li Çje Myon Koreyalararası münasibətlərdəki problemlərin “son dərəcə mürəkkəb” olduğunu deyib:

“Koreyalararası münasibətlərdəki düyünlər son dərəcə mürəkkəbdir. Lakin biz onları bir-bir həll etmək üçün sabit və səbirli şəkildə səylərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, Şimali və Cənubi Koreya arasındakı sərhəd xəttini təşkil edən Silahsızlaşdırılmış Zonada (DMZ) sentyabrın 21-də mina partlayışı baş verib. Hadisə nəticəsində üç Cənubi Koreya hərbçisi yaralanıb.

Cənubi Koreya ordusu partlayışın baş verdiyi ərazinin yaxınlığında Şimali Koreyaya məxsus, insanlara qarşı istifadə olunan piyada əleyhinə minanın aşkar edildiyini açıqlayıb. Hadisə iki Koreya arasında hərbi gərginliyin daha da artmasına səbəb olub.

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə direktoru Kim Yo Çjon isə Seulun Pxenyana qarşı ittihamlarını “alçaq və çirkin təxribat” adlandırıb.

O, Cənubi Koreya hakimiyyətini partlayışa görə Şimali Koreyanı günahlandırmaqda və bunu sübut etmək üçün “maddi dəlillər uydurmağa çalışmaqda” ittiham edib.

Birləşmiş Millətlər Təşkilatının Komandanlığı (UNC) isə araşdırmanın nəticələrinə əsasən, Atəşkəs Sazişinin pozulduğunu müəyyən etdiyini açıqlayıb.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью