İki ölkə arasında qızğın mübarizə: 2030 da nələr olacaq?

26.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının final qarşılaşmasına ev sahibliyi etmək uğrunda İspaniya ilə Mərakeş arasında rəqabət getdikcə kəskinləşir.

“Cebheinfo.az” xəbər verir ki, “Reuters” agentliyinin yazdığına görə, İspaniya əvvəlcə turnirin finalının öz ərazisində keçiriləcəyinə əmin olsa da, son aylarda Mərakeşin bu iddiaya ciddi rəqibə çevrilməsi narahatlıq yaradıb.

Final qarşılaşmasına ev sahibliyi etmək uğrunda Madridin “Santyaqo Bernabeu”, Barselonanın “Kamp Nou” stadionları və Kasablanka yaxınlığında inşa edilən 115 min tamaşaçı tutumlu “II Həsən” stadionu əsas namizədlər hesab olunur.

Mərakeş bu yarışa xüsusi hazırlaşır. Ölkə rəhbərliyi yeni stadionla yanaşı, hava limanlarının, hotellərin, dəmir yollarının və avtomobil yollarının inkişafına milyardlarla dollar sərmayə yatırmağı planlaşdırır.

İspaniyanın mövqeyini isə Madrid və Barselona arasındakı rəqabət zəiflədir. Hər iki şəhər finalın öz stadionunda keçirilməsinə çalışır. Mərakeş isə vahid namizədlə çıxış edərək üstünlük qazanmağa cəhd göstərir.

Məsələ artıq təkcə idman rəqabəti çərçivəsindən çıxaraq siyasi müstəviyə də keçib. İspaniyada müxalifət lideri Alberto Nunes Feyxoo ölkənin finala ev sahibliyi edə bilməyəcəyi təqdirdə dünya çempionatına ev sahibliyindən imtinanı gündəmə gətirib.

Digər tərəfdən, Mərakeş futbol federasiyasının FIFA prezidenti Canni İnfantino ilə münasibətləri də diqqət çəkir. İspaniyanın La Liqa rəhbəri Xavyer Tebas Mərakeşin FIFA rəhbərliyinə verdiyi dəstəyin qərara təsir edə biləcəyini iddia edir.

FIFA isə finalın keçiriləcəyi məkanla bağlı hələlik yekun qərar verməyib. Qurum bildirib ki, seçim ev sahibi şəhərlər, ölkələr və hökumətlərlə məsləhətləşmələrdən sonra müəyyənləşdiriləcək.

Beləliklə, 2030-cu il dünya çempionatının finalı uğrunda mübarizə təkcə stadionların imkanları deyil, həm də siyasi nüfuz, diplomatik münasibətlər və beynəlxalq idman siyasəti baxımından əhəmiyyət qazanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью