İki önəmli tədbir təxirə salındı

15.03.2026

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail – ABŞ koalisiyasının İran üzərinə hücumundan sonra regionda yaranan gərginlik Azərbaycanın idman həyatına təsir göstərməyə başlayıb.

Belə ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) martın 18-19-da Bakıda keçirilməsi planlaşdırılan WADA-nın Avropa üzrə regional simpoziumunun təxirə salınması barədə qərar qəbul edib. Simpoziumdan əvvəl Bakıda təşkil olunması nəzərdə tutulan WADA-nın İcraiyyə Komitəsinin iclası isə onlayn formatda keçiriləcək.
WADA Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) göstərdiyi qonaqpərvərlik və dəstəyi yüksək qiymətləndirərək bu qərarın asanlıqla qəbul edilmədiyini vurğulayıb. Hava nəqliyyatında mümkün fasilələr və logistika amilləri diqqətlə qiymətləndiriləndən sonra bu qərarın verilməsi zəruri sayılıb. Simpozium iştirakçılarının və əməkdaşların təhlükəsizliyini və rifahını prioritet kimi dəyərləndirən WADA bu qərarın qəbulunun qaçılmaz olduğunu bildirib.
Eyni zamanda, “Şahdağ” Turizm Mərkəzində keçirilməsi planlaşdırılan dağ xizəyinin moqul növü üzrə Dünya Kuboku da ləğv edilib. Bu barədə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) məlumat yayıb. Hazırlıq prosesi zamanı məlum olub ki, mövcud təbii və qış şəraiti bu səviyyəli tədbir üçün gözlənilən keyfiyyəti və yarış mühitini təmin etmək baxımından tam uyğun deyil:

“Məhdud səyahət seçimləri və bəzi regional hava limanlarında müvəqqəti məhdudiyyətlər də daxil olmaqla müəyyən logistika amilləri idmançılar və qonaqlar üçün səyahətin rahatlığına təsir göstərə bilər. Azərbaycan tədbirə evsahibliyi etməyə tam hazır olsa da, həm Azərbaycan, həm də FIS üçün prioritet yarışı mümkün olan ən yaxşı şəraitdə təşkil etmək, idmançılar, komandalar, tamaşaçılar üçün ən yüksək səviyyəli təcrübəni təmin etməkdi. Buna görə “Şahdağ” Turizm Mərkəzində keçiriləcək moqul üzrə Dünya Kuboku finallarının təşkilini növbəti qış mövsümünə təxirə salmaq barədə birgə qərar qəbul olunub. Bu qərar təşkilatçılara optimal idman şəraitini təmin etməyə, həm Azərbaycanın, həm də FIS-in ambisiyalarını əks etdirən dünya səviyyəli bir tədbir keçirməyə imkan verəcək”.


Xatırladaq ki, “Şahdağ”da yarış martın 14-15-də keçirilməliydi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью