Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqton Bakının regional liderliyini rəsmiləşdirir
Cənubi Qafqazın şəriksiz lideri olan Azərbaycan Respublikası ilə planetin supergücü Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər ali strateji müstəviyə qədəm qoyur.
Yanvarın 21-də Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun xarici işlər nazirinin müavini Elnur Məmmədov və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin həmsədrliyi ilə keçirilən ikinci iclas rəsmi Bakının onilliklər ərzində yürütdüyü praqmatik, müstəqil və milli maraqlara söykənən xarici siyasət kursunun Vaşinqton tərəfindən tam qəbul edilməsinin əyani təzahürüdür. Sözügedən tədbir 2025-ci ilin avqustunda Vaşinqton Sülh Sammiti çərçivəsində imzalanmış Anlaşma Memorandumunun məntiqi davamı kimi qiymətləndirilir, tərəflərin niyyətlərinin ciddiliyini və əlaqələrin dərinliyini nümayiş etdirir. Müzakirə masasında yer alan strateji mövzular – müdafiə və təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi, terrorçuluqla mübarizə, enerji təhlükəsizliyi, ticarət dövriyyəsinin artırılması, tranzit imkanlarının genişləndirilməsi, iqtisadi sərmayə mühitinin yaxşılaşdırılması, xüsusilə də müasir dövrün çağırışı olan süni intellekt və rəqəmsal infrastruktur kimi sahələr əməkdaşlığın miqyasının dərin strateji inteqrasiyaya yönəldiyini sübut edir.
Mövcud proses göstərir ki, Ağ Ev administrasiyası Azərbaycanla bərabərhüquqlu tərəfdaşlıq modelinə üstünlük verir. Strateji Tərəfdaşlıq Xartiyası kimi mühüm sənədin hazırlanması iki dövlət arasında etimad mühitinin bərpası, möhkəmlənməsi və gələcəyə hesablanmış yol xəritəsinin cızılması istiqamətində atılan əhəmiyyətli addımdır. Xüsusilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi Cənubi Qafqazda, eləcə də strateji əhəmiyyətli Xəzər hövzəsində sabitliyin təmin olunması baxımından həyati əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunun Vətən müharibəsində və ondan sonrakı antiterror tədbirlərində nümayiş etdirdiyi yüksək peşəkarlıq, hərbi qüdrət və suverenliyin tam bərpası ABŞ hərbi-siyasi dairələrində Bakıya qarşı rəğbəti artırıb. Terrorçuluqla mübarizə sahəsində geniş fikir mübadiləsinin aparılması isə qlobal təhdidlərə, radikalizmə və transmilli cinayətkarlığa qarşı birgə çevik fəaliyyət mexanizmlərinin işlənib hazırlanmasını nəzərdə tutur. Məhz burada Azərbaycanın coğrafi mövqeyi, kəşfiyyat imkanları və regional nüfuzu Qərb üçün əvəzsizdir.
Müzakirələrin digər mühüm hissəsini təşkil edən süni intellekt və rəqəmsal infrastruktur sahələri əlaqələrin, sadəcə, ənənəvi enerji və təhlükəsizlik sferaları ilə məhdudlaşmadığını, gələcəyin texnologiyalarına və innovativ idarəetməyə hədəfləndiyini göstərir. Azərbaycanın rəqəmsal haba çevrilmək ambisiyaları işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin uğurla tətbiqi Amerika texnologiya nəhənglərinin diqqətini cəlb edir. Müasir dövrdə dövlətlərin suverenliyi sərhədlərin fiziki qorunması ilə yanaşı, həm də rəqəmsal məkanın, informasiya resurslarının təhlükəsizliyindən birbaşa asılıdır.
Təbii ki, Azərbaycan–ABŞ əməkdaşlığının bu səviyyədə genişlənməsi regional geosiyasətdə tamamilə yeni reallıqlar yaradır və qonşu ölkələr, xüsusən də Ermənistan üçün ciddi və düşündürücü mesajlar daşıyır. Ermənistan rəhbərliyi dərk etməlidir ki, regionun inkişafı, rifahı və təhlükəsizliyi yalnız və yalnız Azərbaycanla sülh və konstruktiv əməkdaşlıqdan keçir. Rəsmi İrəvan əgər həqiqətən də dərin iqtisadi tənəzzüldən qurtulmaq, geosiyasi dalandan çıxmaq və qlobal layihələrdən yararlanmaq niyyətindədirsə, sülh prosesinə süni əngəllər yaratmaqdan əl çəkməli, konstitusiyasında yer alan ərazi iddialarını ləğv etməli, revanşist xülyaları tarixin arxivinə göndərməlidir. Ən əsası, regiondan kənar qüvvələrin, xüsusən Fransa kimi neokolonialist ambisiyalar güdən dairələrin təhrikçiliyinə, diasporun zəhərli təbliğatına qulaq asmamalıdır. Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlığı ən yüksək səviyyəyə qaldırması Bakının beynəlxalq arenadakı sarsılmaz mövqeyini daha da gücləndirir və İrəvanın hər hansı təxribat cəhdinin, diplomatik manevrinin iflasa məhkum olduğunu əvvəlcədən bəyan edir.
İşçi Qrupunun səmərəli fəaliyyəti və hazırlanan Xartiya Azərbaycan diplomatiyasının “çoxvektorlu” və balanslaşdırılmış siyasətinin növbəti parlaq qələbəsidir. Rəsmi Bakı heç bir hərbi bloka formal olaraq qoşulmadan, sırf milli maraqları əsas tutaraq dünyanın ən böyük gücləri ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qura bilir. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasəti sayəsində Azərbaycan “beynəlxalq subyekt” statusunu ən yüksək səviyyədə möhkəmləndirir. Artıq heç bir dövlət, heç bir güc mərkəzi Azərbaycanla diktə dilində danışa bilməz və danışmağa cürət etmir.
Müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşməsi Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi prosesinə güclü təkan verəcək. NATO standartlarına uyğunlaşma, ən müasir hərbi texnologiyalar, o cümlədən yüksək dəqiqliyə malik silah sistemlər, kəşfiyyat avadanlıqları ordumuzun döyüş qabiliyyətini daha da artıracaq. Terrorizmlə mübarizə sahəsində birgə fəaliyyət isə Azərbaycanın regionda radikal qruplaşmalara, narkotrafikə və digər qeyri-qanuni fəaliyyətlərə qarşı keçilməz sədd çəkmək əzmini nümayiş etdirir.
ABŞ tərəfinin “strateji tərəfdaşlıq” ifadəsini rəsmi sənədin adına daxil etməsi və bu istiqamətdə israrla çalışması təsadüfi sayıla bilməz. Həmin termin Vaşinqtonun siyasi lüğətində yalnız xüsusi əhəmiyyət kəsb edən, etibarlılığı zamanın sınağından çıxmış və ortaq dəyərləri bölüşən dövlətlərə münasibətdə işlədilir. İşçi Qrupunun iclasında müzakirə olunan “rəqəmsal infrastruktur” məsələsi də xüsusi önəm kəsb edir. Qlobal rəqabətin fiziki məkandan virtual məkana keçdiyi müasir dövrdə Azərbaycanın rəqəmsal müstəqilliyini təmin etmək strateji zərurətdir. Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan fiber-optik kabel xətləri, Bakının regional data-mərkəzə çevrilməsi planları ABŞ texnologiya şirkətlərinin iştirakı ilə daha sürətlə və keyfiyyətlə reallaşa bilər.
Yanvarın 21-də keçirilən yüksək səviyyəli iclas və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması prosesi Azərbaycan–ABŞ münasibətlərində yeni eranın başlanğıcı, dönüş nöqtəsidir. Tərəflər artıq keçmişin stereotiplərindən, köhnəlmiş yanaşmalardan uzaqlaşaraq, tamamilə praqmatik, qarşılıqlı faydaya və strateji vizyona əsaslanan əməkdaşlıq modelini seçiblər. Azərbaycanın regiondakı mübahisəsiz liderliyi, artan iqtisadi potensialı və sarsılmaz hərbi gücü onu ABŞ üçün Cənubi Qafqazda və Mərkəzi Asiya regionunda əvəzolunmaz tərəfdaşa çevirir. Hazırlanan sənəd gələcək onilliklər ərzində iki ölkə arasındakı əlaqələrin yol xəritəsini müəyyən edəcək, siyasi, iqtisadi və təhlükəsizlik sahələrindəki əməkdaşlığı institusional çərçivəyə salacaq.
Yusif ŞƏRİFZADƏ
XQ