Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bakıya qar arzulamıram. Bakı yolları qara hazır deyil, heç cəmiyyətimiz, insanlarımız da…”. Avtosfer.az xəbər verir ki, bu sözləri "Yenicag"a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Ekspert Bakıya yağması gözlənilən qarın fəsadları və paytaxt yollarının qara hazırlıq səviyyəsini A-dan Z-ə qədər izah edib:
“Azərbaycan və paytaxt Bakı qışa hazırdır, amma qara hazır deyil. Şükürlər olsun ki, işıq və qaz məsələsində yaxşıyıq, amma yol infrastrukturu, su-kanalizasiya sistemi kimi məsələlərdə vəziyyət ürəkaçan deyil. Yaxşı vəziyyətdə olsaydı, Cənab Prezident müşavirə keçirib qarşıya o qədər tapşırıqlar qoymazdı. Deməli, problemlər çoxdur və Cənab Prezident özü də müşavirədə bildirdi ki, yağış, qar yağan kimi küçələri su basır. Doğrudur, dünyanın çox yerində bu belədir, amma bu dərəcədə yox. Heç yerdə bizdəki kimi 2 santimetr qar düşən kimi şəhər bir-birinə dəymir. Mən insanların qar arzulamasına pis yanaşmıram, bu hər kəsin təbii haqqıdır, amma onu vurğulamaq istəyirəm ki, Azərbaycana, xüsusən də Bakıya qar yaraşmır”.
E.Muradlı problemlərin təkcə qarda deyil, qardan sonra da yarandığını bildirərək səbəbləri izah edib:
“Qar yağandan 3-5 ay sonra yollar dağılmağa başlayır. Ona görə ki, məmurlar yeyintiyə yol verib asfaltı keyfiyyətsiz çəkirlər. Qar yağır, şaxta vurur, bir neçə ay sonra görürsən ki, yollar deşik-deşik olub, sanki yol müharibədən çıxıb. Xatırlayırsınızsa, keçən il Bakıya qar yağandan 6 ay sonra əksər asfaltlarda çuxurlar yarandı. Yağış yağır, su-kanalizasiya sistemi bərbad vəziyyətə düşür, çirkab suları küçələrə axır. Bütün bunlar da insanlarda xəstəlik yaradır”.
“Azərbaycanda sürücülərin də çoxu qeyri-peşəkardır. Əksəriyyətin ‘qış təkəri’ deyilən anlayışdan xəbəri yoxdur. Nəinki qış təkəri, heç normal təkər də yoxdur. Sürücülər keyfiyyətsiz təkərlərlə yola çıxır, insan daşıyırlar. Sürücülərimiz bir problem, yollarımız bir problem, infrastruktur isə ayrı bir problemdir”.
Nəqliyyat eksperti özünü peşəkar hesab etməyən sürücülərə vacib məsləhətlər verib:
“Qeyri-peşəkar, qarlı-buzlu yollarda maşın idarə etmək vərdişi olmayan insanlar qar yağanda avtomobillə yola çıxmamalıdırlar. Bizim cəmiyyətin bir hissəsində belə bir pis vərdiş var: internetdə görürlər ki, filankəs Şahdağa gedib. Düşünür ki, qonşu gedibsə, mən də gedim. Amma maşınının təkəri o yolu getməyə imkan verirmi, ona baxmır. Ailəni yığır maşına, buzlu yolda qəzaya düşür, hansısa dərəyə aşır və faciə baş verir. Belə hallar saymaqla bitməz. Sürücü avtomobilin xarakteristikasına, texniki vəziyyətinə əmin olmadan uzaq səfərə çıxmamalıdır. Bəziləri yeyilmiş təkərlə Şahdağ kimi yerlərə gedir. Bu, yolverilməzdir! Şahdağa getməyə pul xərcləmək əvəzinə, gedib təkərlərini yeniləsinlər. İnsanlar həyat tərzini təhlükəsiz şəkildə qurmalıdırlar”.
E.Muradlı Bakının qara hazır olmamasının səbəblərindən birinin də cəmiyyətdəki bəzi neqativ hallar olduğunu qeyd edib:
“Qar təbiət hadisəsidir, yağmalıdır. Problem ondadır ki, qar yağandan sonra yollarımız, özümüz elə dəhşətli vəziyyətə düşürük ki, bu, adamı narahat edir. Qar yağanda insanlar hətta həyatını itirir. Biri yolla gedəndə sürüşüb yıxılır, səkilərimizlə bağlı standartımız yoxdur. Təsəvvür edin, kimsə səkidə öz mağazasının qarşısına sürüşkən materialdan döşəmə düzür. Müştəri ayağını qoyan kimi yıxılır. Bir nəfər vəzifəli şəxs gəlib o sahibkara demir ki, bu sürüşkən döşəməni niyə küçəyə düzürsən? Səki sənin şəxsi mülkün deyil. Səki düzəldirsənsə, keyfiyyətli materialdan düz, niyə kafel vurursan? İnsanlar indi evində hamamına belə kafel vurmur ki, sürüşkəndir. Sən niyə insanların ayağının altına düzürsən? Belə obyektlər çoxdur və heç kim hesab tələb etmir. Ona görə də mən qar məsələsinə geniş aspektdən baxıram. Qar xəbəri gələndə bu cəmiyyətə, bu insanlara yazığım gəlir; yenə ölüm halları baş verə, insanlar şikəst ola bilərlər”.
Oxunub 22