Sherg.az saytına istinadən Icma.az xəbər verir.
İctimai və dövlət maraqlarının müdafiəsi
Xəstəxanalarda qərarlar daha çevik veriləcək, vətəndaşlar razı qalacaq
Son illərdə səhiyyə sahəsində aparılan islahatlar tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyıb. Səhiyyə xidmətinin keyfiyyəti nə dərəcədə yüksəlib, bunu vətəndaşlarımız daha yaxşı bilər, çünki vaxtaşırı səhiyyə xidmətlərindən istifadə ediblər. Razı qalanlar da olub, narazılar da. Lakin məlum məsələdir, narazılığa səbəb olan verilən qərarlar, imzalanan sərəncam və ya fərmanlar deyil, bu fərman və sərəncamlardan irəli gələn vəzifələrin necə yerinə yetirilməsidir.
Son illərə nəzər saldıqda səhiyyə ilə bağlı mühüm qərarlar verildiyini görürük. Ən əsas yenilik və vətəndaşların çoxdan gözlədiyi qərar ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanması idi. 2020-ci ildə başlanan proses mərhələli şəkildə həyata keçirildi və 2021-ci il 1 aprel tarixində bütün ölkəni əhatə etdi. TƏBİB-in formalaşması da İTS-nın tətbiqinə hazırlıq məqsədi daşıyırdı. TƏBİB - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 418 nömrəli Fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmışdı. Qurumun yaradılmasında əsas məqsəd ölkədə icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar olaraq tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirmək idi. Qurumun tabeliyindəki tibb müəssisələrinin siyahısı isə Nazirlər Kabinetinin aprel 2019-cu il qərarı ilə təsdiqlənmiş və bu qərar 1 yanvar 2020-ci il tarixindən etibarən tam qüvvəyə minmişdi. 19 oktyabr 2026-cı il tarixində isə Prezident İlham Əliyevin imzaladığı "Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanla Səhiyyə Nazirliyinin tabeliyinə verildi. Bu fərmanla TƏBİB-in bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı nazirliyin tabeliyinə keçib. Həmçinin qurumun Müşahidə Şurasının səlahiyyətləri müvəqqəti olaraq Səhiyyə Nazirliyinin yaratdığı komissiyaya həvalə edilib.
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə nə dəyişəcək? Bu sual indi demək olar hamını düşündürür və müxtəlif mülahizələr, ehtimallar irəli sürülür. Əsas cavab isə budur ki, ikili idaəetməyə son qoyulacaq. Bu vaxta qədər ölkənin səhiyyə müəssisələri TƏBİB-lə Səhiyyə Nazirliyi arasında bölünmüşdü. Bu da vətəndaşların səhiyyə xidmətlərinə çıxışını çətinləşdirirdi. Bölgüyə baxanda 8 il müddətində həqiqətən də mürəkkəb vəziyyətin hökm sürdüyünü görmək olur. TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilənədək Bakı Baş Səhiyyə Mərkəzi və ona daxil olan onlarla şəhər və uşaq poliklinikaları, birləşmiş şəhər xəstəxanaları, qadın məsləhətxanaları - ümumilikdə 100-dən çox ambulator və stasionar müəssisə TƏBİB-in tabeliyində idi. Məsələn, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Respublika Perinatal Mərkəzi, Respublika Endokrinoloji Mərkəzi, Respublika Dəri-Zöhrəvi Mərkəzi, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, eləcə də rayon mərkəzi xəstəxanaları və regionlardakı dövlət tibb müəssisələri. Səhiyyə Nazirliyinin tabeliyində olan əsas müəssisələr isə əsasən elmi-tədqiqat, cərrahiyyə mərkəzləri və institutlar idi. Belə anlaşılır ki, TƏBİB əhalinin daha çox, intensiv müraciət etdiyi müəssisələrə, nazirlik isə əhalinin daha az təmasda olduğu, xüsusi hallarla bağlı müraciət edilən müəssisələrə cavabdeh idi. Bu bölgü təsadüfi deyil, 2018–2020-ci illərdə Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə keçid və səhiyyənin idarəetmə modelinin optimallaşdırılması strategiyasına əsaslanırdı. Sistemi iki yerə bölərkən əsasən maliyyələşmə forması, funksional təyinat və tibbi xidmətin növü rəhbər tutulmuşdu.
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsinin zamanla yaranacaq zərurət olduğunu bildirən həkim-terapevt Şahvələd Məmmədov "Şərq"ə açıqlamasında qeyd etdi ki, TƏBİB-in yaradılmasında əsas məqsəd icbari tibbi sığorta zərfinə daxil olan xidmətləri göstərən müəssisələri vahid mərkəzdən idarə etmək idi. Bu məqsədlə də əhalinin gündəlik ehtiyac duyduğu ilkin səhiyyə müəssisələri poliklinikalar, təcili tibbi yardım və ümumi stasionar cərrahi xidmət mərkəzləri olan xəstəxanalar TƏBİB-in tabeliyinə verildi:
- Bu, həmin zaman üçün doğru qərar idi. Çünki icbari tibbi sığorta xidmətinin icrasına başlanmışdı və bu müəssisələr də dövlət büdcəsindən birbaşa yox, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xətti ilə, yəni "xidmətə görə ödəniş" və adambaşına düşən sığorta haqları prinsipi ilə maliyyələşməyə başladılar. Dövlət Agentliyi maliyyə ayırır, TƏBİB isə bu maliyyə əsasında tibbi xidmət göstərirdi. Səhiyyə Nazirliyinin tabeliyində saxlanılan müəssisələr isə sığorta zərfindən kənar, xüsusi dövlət əhəmiyyətli və elmi-metodiki funksiyaları yerinə yetirirdi. Xüsusi dövlət proqramları var ki, məsələn, onkoloji, hematoloji, narkoloji və psixiatrik xidmətlər, bunlar bahalı müalicə tələb edir və xüsusi dövlət proqramları ilə əhatə olunur deyə Nazirliyin tabeliyində qalırdı. Əhalinin intensiv müraciət etdiyi tibb müəssisələri icbari tibbi sığortanın əhatə dairəsini praktiki olaraq təmin etmək üçün TƏBİB-də cəmləşdirilmişdi. Səhiyyə Nazirliyi isə daha çox nadir, spesifik xəstəliklər, elmi araşdırmalar və inzibati ekspertiza ilə məhdudlaşmışdı. Problem nədə idi, ikili idarəetmə və koordinasiya çətinliyi yaradırdı. Səhiyyə Nazirliyi ölkədə ümumi səhiyyə siyasətini aparmalı idi, lakin xəstəxanaların 90 faizi TƏBİB-ə tabe olduğundan Nazirliyin real rıçaqları zəifləmişdi. Vətəndaşlar və tibb işçiləri üçün də funksiyaların kəsişməsi müəyyən çaşqınlıqlar doğururdu. Bu idarəetmə dağınıqlığını aradan qaldırmaq, qərarların qəbulunu sürətləndirmək və vahid komanda yaratmaq üçün Prezidentin imzaladığı 19 oktyabr 2026-cı il tarixli fərmanı ilə TƏBİB yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verildi.
Ş.Məmmədov bildirdi ki, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi Azərbaycanın səhiyyə sistemində uzun müddətdir gözlənilən bir addım idi. Bu qərarın çox ciddi müsbət tərəfləri var, eyni zamanda həllini tapmalı olan müəyyən məsələlər də var:
- Əsas üstünlük budur ki, ikili idarəetmə aradan qalxır. Əvvəllər bir xəstəxana binasının təmiri nazirlikdən, daxili idarəçiliyi isə TƏBİB-dən asılı ola bilirdi. İndi vahid rəhbərlik sayəsində qərarlar daha çevik qəbul ediləcək, vətəndaşların şikayətlərinə baxılması və idarəetmə zənciri sürətlənəcək. Bu, vətəndaşları razı salacaq vəziyyətdir. Bununla vahid dövlət səhiyyə siyasəti öz yerini tutur. Səhiyyə Nazirliyi strateji plan hazırlayarkən artıq real icraçı qüvvə olan xəstəxanaların imkanlarını birbaşa tənzimləyə biləcək. Bu, tibbi protokolların, dərman təminatının və həkim kadrlarının bölgüsünün vahid mərkəzdən və daha ədalətli aparılmasına şərait yaradacaq. Məncə, bu Fərman tibb təhsilinə, kadrların yetişdirilməsinə də müsbət təsir edəcək. Nəticədə təhsil-tədris və təcrübə eyni mərkəzdə cəmləşəcək. Rezidentlərin və gənc həkimlərin elmi-tədqiqat institutları ilə praktik xəstəxanalar arasındakı koordinasiyası güclənəcək. Bu da kadr hazırlığının keyfiyyətinə müsbət təsir edəcək.