İkinci əl maşın bazarında ucuzlaşma olacaq? VACİB AÇIQLAMA

06.11.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Vergi Məcəlləsinə təklif olunan dəyişiklik ikinci əl avtomobil bazarında müəyyən canlanma yarada bilər".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib

Onun sözlərinə görə, bu qərarın əsas əhəmiyyəti ondan ibarətdir ki, ikinci əl avtomobillərin rəsmi satışını həyata keçirən dilerlər üçün daha əlverişli vergi şəraiti formalaşdırılır:

"Təkliflərə əsasən, istehsal tarixindən 5 ildən çox keçməmiş və nağdsız qaydada alınmış ikinci əl avtomobillər rəsmi dilerlər tərəfindən satılarkən, üç il müddətində ƏDV-nin avtomobilin tam satış qiymətindən deyil, alış və satış arasındakı fərqdən hesablanması nəzərdə tutulur.

Bu, dilerlər üçün kifayət qədər ciddi güzəştdir. Çünki ikinci əl avtomobil ticarətində əsas gəlir avtomobilin alış və satış qiyməti arasındakı fərqdir. Verginin həmin fərq üzərindən hesablanması dilerin xərclərini azaldır və ona qiymət siyasətində daha çevik davranmaq imkanı verir.

Fikrimcə, bu dəyişiklik ilk növbədə nisbətən yeni, 3-5 yaşlı avtomobillərin satışına təsir edəcək. Həmin avtomobillər bazarda kifayət qədər tələb görür və rəsmi dilerlərin bu seqmentə marağının artması mümkündür.

Qiymətlərə gəlincə, müəyyən ucuzlaşma gözləmək olar. Amma bunu bütün ikinci əl avtomobil bazarında qiymətlərin aşağı düşməsi kimi təqdim etmək doğru olmaz. Vergi yükünün azalması avtomatik olaraq satış qiymətinin eyni həcmdə aşağı düşməsi demək deyil. Dilerlərin bir qismi bu üstünlüyü qiymətlərə tətbiq edəcək, digərləri isə mənfəət marjasını artırmağa çalışacaq. Burada əsas rolu rəqabət oynayacaq".

AQC sədri əlavə edib ki, bu qərarın bazara daha ciddi təsiri satışların rəsmiləşdirilməsində və dövriyyənin artmasında ola bilər:

"Azərbaycanda ikinci əl avtomobil bazarının böyük hissəsi hələ də fərdi alqı-satqı üzərində qurulub. Rəsmi dilerlərin vergi baxımından üstünlük əldə etməsi bu nisbəti müəyyən qədər dəyişə bilər. Vətəndaşlar üçün texniki vəziyyəti yoxlanılmış, hüquqi sənədləri qaydasında olan və zəmanətlə təqdim edilən avtomobillərin alınması imkanları genişlənə bilər.

Ancaq bir məsələ də var. Təklif yalnız 5 ildən köhnə olmayan avtomobilləri əhatə edir. Halbuki Azərbaycanda ikinci əl avtomobil bazarının əhəmiyyətli hissəsini daha köhnə avtomobillər təşkil edir. Əhalinin alıcılıq qabiliyyətini nəzərə alsaq, bu seqmentin də gələcəkdə mexanizmə daxil edilməsi məqsədəuyğun olardı.

Ümumilikdə, mən bu dəyişikliyi müsbət qiymətləndirirəm. Burada məqsəd yalnız avtomobil satışını stimullaşdırmaq deyil, həm də bazarda şəffaflığı artırmaq, rəsmi dilerlərin fəaliyyətini genişləndirmək və alıcıların hüquqlarını daha yaxşı qorumaq olmalıdır.

Bu dəyişiklik qısa müddətdə ikinci əl avtomobil bazarında kəskin qiymət enişi yaratmasa da, rəsmi satışların artmasına, rəqabətin güclənməsinə və xüsusilə nisbətən yeni avtomobillərin dövriyyəsinin sürətlənməsinə müsbət təsir göstərəcək".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью