İkinci validator digər avtobuslarda da quraşdırılsın Ekspertdən TƏKLİF

25.08.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hesab edirəm ki, M1 ekspres marşrutunda tətbiq edilən ikinci validator sistemi müsbət addımdır və sərnişin sıxlığının yüksək olduğu digər avtobus marşrutlarında da mərhələli şəkildə tətbiq edilməsinə ehtiyac var".

Bunu Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev sıxlığın qarşısını almaq və sərnişinlərin avtobusa daha sürətli yerləşməsini təmin etmək məqsədilə “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M1 ekspres marşrutunda ikinci validator quraşdırılmasından danışarkən qeyd etdi. 

Onun sözlərinə görə, bu gün avtobuslarda əsas problemlərdən biri sərnişinlərin ön qapıdan daxil olduqdan sonra salonun arxa hissəsinə doğru hərəkət etməməsi və qapının qarşısında toplaşmasıdır:

"Nəticədə avtobusun arxa hissəsində boş yer olduğu halda dayanacaqda gözləyən sərnişinlər nəqliyyat vasitəsinə daxil ola bilmirlər. Bu isə həm dayanacaqda ləngiməyə, həm də avtobusların hərəkət intervalının pozulmasına səbəb olur. İkinci validatorun quraşdırılması və sərnişinlərin həm ön, həm də orta qapıdan ödəniş edərək daxil olmasına şərait yaradılması minmə prosesini sürətləndirə, sərnişin axınını salon daxilində daha bərabər bölüşdürə bilər. Xüsusilə pik saatlarda, metro stansiyalarının qarşısından keçən və sərnişin tələbatının yüksək olduğu marşrutlarda bunun ciddi faydası ola bilər. Burada söhbət yalnız sərnişinin rahatlığından getmir. Əgər hər dayanacaqda minmə prosesi bir neçə saniyə belə sürətlənirsə, marşrut boyunca bu vaxt toplanaraq avtobusun ümumi hərəkət müddətinə və intervalına müsbət təsir göstərə bilər. Eyni zamanda sürücünün də işi asanlaşar, çünki ön qapıda həddindən artıq sərnişin toplanması sürücünün sağ tərəfi və güzgülər vasitəsilə görünüş imkanlarına müəyyən maneələr yarada bilər".

Həmsöhbətimizin fikrincə, sistemi bütün avtobuslara eyni anda tətbiq etməkdənsə, əvvəlcə sərnişin axınının ən yüksək olduğu marşrutlar müəyyən edilməli, pilot tətbiqin nəticələri təhlil olunmalı və bundan sonra genişləndirilməlidir:

"Bununla yanaşı, sərnişinlər arasında maarifləndirmə aparılmalıdır ki, insanlar avtobusa mindikdən sonra qapının qarşısında dayanmamalı, salonun boş hissələrinə doğru hərəkət etməlidirlər. Yəni ikinci validator texniki həll olsa da, sərnişin davranışı və ictimai nəqliyyat mədəniyyəti də məsələnin mühüm hissəsidir. M1 marşrutundakı yenilik real olaraq dayanacaqlarda gözləmə müddətini azaldarsa, minmə prosesini sürətləndirərsə və avtobusun tutumundan daha səmərəli istifadə etməyə imkan verərsə, bu təcrübənin Bakının digər sıx marşrutlarında tətbiqi məqsədəuyğun olar. Ümumilikdə məqsəd sadəcə əlavə validator quraşdırmaq deyil, sərnişinin avtobusa daha sürətli daxil olmasını, salon daxilində düzgün paylanmasını və nəticədə ictimai nəqliyyatın daha operativ fəaliyyətini təmin etmək olmalıdır".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью