Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ilin sonlarında “E-Şikayət” elektron xidmətini istifadəyə verib.
Vətəndaşlar həmin elektron xidmət vasitəsilə xidmətlərindən narazı qaldıqları telekommunikasiya operator və provayderlərinə, həmçinin tənzimləyici quruma elektron hökumət portalı üzərindən real vaxt rejimində müraciət edə bilirlər.
2024-cü ilin aprelindən “E-Şikayət”in əhatə dairəsi genişləndirilməklə poçt rabitəsi operatorları ilə bağlı müraciətlərin də qəbuluna başlanıb.
2024-cü ilin noyabrın 27-dən etibarən xidmətin mobil versiyası da istismara verilib.
Belə ki, “Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “Google play”dən və “APP store”dan “E-Şikayət”in mobil tətbiqini yükləmək imkanı əldə ediblər.
Mobil tətbiqin istifadəyə verilməsi xidmətdən istifadənin miqyasını genişləndirməklə yanaşı, platformanı da daha əlçatan edir.
Bu il dekabrın 1-nə olan məlumata görə, “E-Şikayət”ə edilən müraciətlərin sayı 3700-ü ötüb.