İlanların ayaqlarını itirməsi haqqında yeni dəlillər

24.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Braziliyanın cənub-şərqindəki San-Paulu ştatında dinozavrlar dövründə yaşamış qədim ilan növünün qalıqları aşkar edilib. Nüfuzlu "Nature" jurnalında dərc olunan yeni tədqiqatda alimlər Son Təbaşir dövrünə — təxminən 80 milyon il əvvələ ait olan bu sürünənə "Tametara mirim" adını veriblər. Uzunluğu cəmi 42 santimetr olan ilanın kəllə sümüyünün yarısından çoxu və onurğa sütununun böyük hissəsi günümüzə qədər mükəmməl şəkildə qorunub saxlanılıb.

Tədqiqatçılar yüksək dəqiqlikli kompyuter tomoqrafiyası vasitəsilə skletin rəqəmsal rekonstruksiyasını aparıblar. Əldə edilən nəticələr o qədər təfərrüatlı olub ki, alimlərə qədim ilanın beynini, kəllə sinirlərini və daxili qulaq anatomiyasını (endokast) rəqəmsal mühitdə bərpa etməyə imkan verib.

Mütəxəssislər bununla kifayətlənməyərək, Argentinadan tapılmış digər qədim ilan növü — "Dinilysia patagonica" üzərində də oxşar analizlər aparıb və nəticələri 100-ə yaxın müasir ilan növünün göstəriciləri ilə müqayisə ediblər. Məlum olub ki, qədim sürünənlərin beyninin mikrostrukturu və forması həm bir-birindən, həm də müasir nəsillərindən ciddi şəkildə fərqlənir.

Mərkəzi sinir sisteminin strukturu alimlərə bu canlıların həyat tərzi haqqında mühüm qənaətlərə gəlməyə şərait yaradıb. Məlum olub ki, "Tametara mirim" vaxtının böyük hissəsini torpağın altında keçirən, qazıcı həyat tərzi sürən bir heyvan olub və bu səbəbdən zəif görmə qabiliyyətinə malik olub. "Dinilysia" isə əsasən yerin səthində hərəkət edib.

Əldə olunmuş bu unikal anatomik məlumatlar biologiyanın ən böyük tapmacalarından birinə — 170 milyon il əvvəl kərtənkələlərin necə ayaqsız sürünənlərə çevrilməsi sualına cavab tapmaq üçün yeni imkanlar açır. Hələlik elmdə üç əsas fərziyyə (suda yaşamağa adaptasiya, yerüstü örtükdə gizlənmə və ya yeraltı həyat tərzi) mövcud olsa da, bu tip nadir fosil tapıntıları təkamül zəncirindəki boşluqları addım-addım doldurmaqdadır.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью