Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Türkiyə Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.
Ölkəmizin D-8-ə qəbul olunmasının təşkilatın gücləndirilməsinə xidmət edəcəyi ilə bağlı sözlərinizə görə Sizə minnətdaram.
28 il bundan əvvəl Türkiyənin təşəbbüsü və liderliyi ilə yaradılmış bu təşkilat hazırda inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatı daxilində rolunun artması, iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi və yeni imkanların yaradılması, beynəlxalq səviyyədə mövqelərinin güclənməsi istiqamətində səmərəli fəaliyyət göstərməkdədir.
Qahirədə D-8 təşkilatının genişlənməsi ilə əlaqədar ilk dəfə tarixi qərarın qəbul edilməsi Azərbaycana olan beynəlxalq etimadın göstəricisi və eyni zamanda bizim üçün xüsusi qürur mənbəyidir.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.