Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Palau Respublikasının Prezidenti Surangel Uipps ilə görüşüb.
Publika.az xəbər verir ki, Palau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Qonaq qeyd etdi ki, səfər çərçivəsində ölkəmizlə, mədəniyyətimizlə tanış olmaq imkanları olub.
Bu görüşün Azərbaycan və Palau prezidentləri arasında yüksək səviyyədə ilk görüş olduğunu deyən Surangel Uipps bunun münasibətlərimizin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə etdi.
Palau dövlətinin başçısı Azərbaycan Prezidenti və Azərbaycanın COP29-a Sədrliyi tərəfindən kiçik ada dövlətlərinin iqlim dəyişmələrinin təsiri nəticəsində onların üzləşdiyi problemlərin əsas prioritetlərdən biri kimi müəyyən edilməsinə görə təşəkkürlərini çatdırdı.
O, vurğuladı ki, kiçik ada dövlətləri iqlim dəyişmələrinin bilavasitə təsirinə məruz qalan və ekzistensional təhlükə ilə üzləşən ölkələrdir.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın sədrliyi dövründə kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemləri əsas prioritet kimi qiymətləndirilib və kiçik ada dövlətlərinin iştirakı ilə məhz bu məsələyə həsr olunmuş Zirvə Toplantısı keçirilib.