Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. AzVision.az həmin görüşdən hazırlanan materialı təqdim edir.
Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Onlar 2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini dedilər, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğulayıblar.
Qeyd olunub ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir.
Dövlət başçısının bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirildi.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərarın qəbul edildiyi bildirilib.
Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam: Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün Zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir.
Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın həqiqətən buna ehtiyacı var.