Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, San-Tome və Prinsipi Demokratik Respublikasının Baş nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərdə ilk səfər olduğunu deyən dövlət başçısı onun əhəmiyyətinə toxunub.
Xoş sözlərə görə minnətdarlığını bildirən Patris Emeri Trovoada Bakının gözəlliyinin onlarda xoş təəssürat yaratdığını deyib.
O, Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb, sülhün və sabitliyin təmin olunmasının önəmini qeyd edib.
Patris Emeri Trovoada ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
Qonaq COP29-un uğurlu keçməsini arzulayaraq qeyd edib ki, bu tədbir dünyanın üzləşdiyi iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə töhfə verəcək.
San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri COP-da kiçik ada dövlətlərinin problemlərinə xüsusi qayğı və diqqət göstərilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycanın bu məsələdə də liderlik rolu nümayiş etdirdiyini vurğulayıb.