Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.
Turkustan.az müsahibəni təqdim edir: -Cənab Prezident, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və “RİA Novosti” agentliyinə müsahibə verməyə razı olduğunuza görə Sizə ürəkdən təşəkkür edirəm.
2022-ci ildə, sözün əsl mənasında, xüsusi hərbi əməliyyatın başlamasına bir neçə gün, sözün əsl mənasında bir neçə saat qalmış Moskvada Prezident Putinlə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladınız.
O vaxtdan bəri dünya əsaslı şəkildə dəyişib. İndi Azərbaycanla Rusiya arasında müttəfiqlik nə deməkdir? - Bəli, Siz tamamilə haqlısınız.
Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb.
Siz düzgün qeyd etdiyiniz kimi, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib.
Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir.