Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2008-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2017-ci ildə İsveçrənin IMD Biznes Məktəbində biznesin idarə olunması üzrə MBA dərəcəsini əldə edib. 2020-ci ildə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2004-cü ildə "Unibank" KB-da başlamış, bankın beynəlxalq əlaqələr və xəzinədarlıq istiqamətlərində çalışıb. 2009-2015-ci illərdə "Bank Respublika" ASC-də filial direktoru və digər rəhbər vəzifələrdə fəaliyyət göstərib.
2016-2018-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Korporativ Biznes Departamentinin direktor müavini, 2018-2024-cü illərdə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Ailəlidir, iki övladı var.
Xatırladaq ki, Z.Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.