İlham Əliyevin tranzit diplomatiyası

04.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

2025-ci il Cənubi Qafqazın geosiyasi xəritəsinə yeni anlayış gətirdi: TRIPP – “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu”. Uzun illər “Zəngəzur dəhlizi” adı ilə müzakirə olunan layihə ABŞ-ın birbaşa təşəbbüsü ilə yenidən adlandırılmaqla regionun gündəminin ön cərgəsinə çıxdı. Layihə, əsası 1994-cü ildən bəri qurulan enerji-tranzit diplomatiyasının, 2020-ci il II Qarabağ müharibəsinin yaratdığı yeni statusun və Bakının regional inteqrasiya təşəbbüskarı roluna iddiasının məntiqi davamıdır. Eyni zamanda, TRIPP Avropa İttifaqı qarşısında ciddi sual qoyur: regional bağlantının yenidən formalaşdığı bir şəraitdə Aİ-nin strateji rolu necə qorunmalı, Azərbaycan-Ermənistan normallaşmasına dəstək necə balanslaşdırılmalıdır?

Azərbaycanın xarici siyasət modeli siyasi təhlil ədəbiyyatında “kiçik dövlət – böyük strateji manevrlər” konsepti çərçivəsində təsvir edilir: kiçik dövlət manevr potensialını maksimumlaşdırır, regional tarazlığı qoruyur və beynəlxalq arenada funksional rolunu gücləndirir. Modelin üç təməl sütunu var: enerji və tranzit diplomatiyası, münaqişə təcrübəsi və çevik balanslaşdırma.

2003-cü ildən indiyədək bu strategiya üç mərhələdə inkişaf edib. 2003–2010-cu illər regional əməkdaşlıq, irimiqyaslı enerji infrastrukturunun – ilk növbədə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin – reallaşdırılması və təhlükəsizliyin möhkəmləndirilməsi ilə səciyyələnir. 2010–2016-cı illərdə ölkə daha çevik diplomatik mövqe tutaraq beynəlxalq forumlarda fəal iştirak edib, münaqişənin həllində suverenlik və ərazi bütövlüyü prinsiplərini mərkəzə qoyub. 2016–2023-cü illər isə köklü dönüş mərhələsidir: 2020-ci ilin İkinci Qarabağ müharibəsindən sonra Bakı yenidənqurma, regional əlaqələr və Türkiyə, Rusiya, Aİ və Çin arasında tarazlıq saxlayan praqmatik çoxvektorlu diplomatiyaya keçdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi və Transxəzər Dəhlizi kimi layihələr ölkənin regional və qlobal nüfuzunu gücləndirib, diplomatik mövqeyini və iqtisadi inkişafını dəstəkləyib. Azərbaycanın əhəmiyyətli karbohidrogen ehtiyatları və Avropa ilə Asiya arasındakı strateji yerləşməsi onu Avropa İttifaqı ilə Rusiya arasında balans quran əsas enerji təchizatçılarından birinə çevirib. 2022-ci ilin iyulunda Aİ ilə imzalanmış Strateji Tərəfdaşlıq Memorandumu Azərbaycan qazının Avropaya təchizatının artırılmasını nəzərdə tuturdu və müharibədən sonrakı Avropa enerji böhranı şəraitində Bakının strateji dəyərini açıq şəkildə təsdiqlədi.

Nəqliyyat sahəsində Bakı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Çindən Avropaya ən qısa dəmir yolu marşrutunun mərkəzi düyün nöqtəsi kimi iştirak edir. 2015-ci ilin dekabrında Prezidentin Çin səfərində “İpək Yolu İqtisadi Kəməri” üzrə anlaşma memorandumunun imzalanması bu istiqamətin təməlini qoyub. Rəsmi Bakının mövqeyinə görə, Azərbaycan inkişaf etmiş nəqliyyat-logistika infrastrukturuna malik etibarlı tranzit ölkə kimi Avrasiyada regional əməkdaşlığın inkişafında mühüm rol oynayır.

Müharibədən sonrakı mərhələ bu strategiyaya yeni ölçü əlavə etdi: post-münaqişə dövrünün yeni tranzit marşrutları Azərbaycanı regional inteqrasiyanın təşəbbüskarı və balanslaşdırıcı aktyor kimi mövqeləndirir. 2020-ci ilin 44 günlük müharibəsindəki qələbə ölkənin beynəlxalq imicini möhkəmləndirdi; Şuşa Bəyannaməsi ilə Türkiyə ilə rəsmiləşdirilmiş strateji müttəfiqlik, Türk Dövlətləri Təşkilatındakı fəal rol və Zəngəzur dəhlizinin türk dünyasının qlobal bazarlara çıxışının təminatı kimi dəyərləndirilməsi bu xəttin tərkib hissəsidir. Məhz bu kontekstdə Naxçıvan məsələsi xüsusi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi Azərbaycana Naxçıvana daha qısa və birbaşa yol təqdim etməklə ölkənin İrandan tranzit asılılığını azaldır və İstanbuldan Türküstanın ucqarlarına qədər fasiləsiz nəqliyyat əlaqəsi yaradır. Başqa sözlə, bu, Azərbaycanın ərazi bütövlüyü məntiqinin, türk dünyası inteqrasiyasının və tranzit dəyərinin kəsişmə nöqtəsində dayanan strateji tamamlanma aktıdır.

* * *

TRIPP-in tarixi kökləri müharibədən də əvvələ gedib çıxır. 2020-ci ilin fevralında – 44 günlük müharibədən aylar öncə – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakı-Ərzurum-Naxçıvan qaz kəməri və dəmir yolu layihələrinə qarşılıqlı maraqlarını təsdiqləyən memorandum imzalayıblar. Yəni koridor ideyası müharibənin nəticəsi deyil; müharibə onu həyata keçirilə bilən etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat 44 günlük müharibəni yekunlaşdırmaqla yanaşı, bölgədə qlobal və regional əməkdaşlıq üçün yeni imkanlar açdı. 2025-ci il bu ideyanın yeni mərhələyə keçdiyi il oldu. Mart ayında Qars-Naxçıvan dəmir yolu xəttinin tikintisinə başlanması barədə məlumatlar yayıldı. Avqust ayında isə ABŞ rəhbərliyinin təşəbbüsü ilə dəhliz TRIPP adını aldı. Layihənin məzmunu iki əsas istiqaməti əhatə edir: Araz çayı boyunca Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin qurulması və Naxçıvanla ölkənin digər regionları arasında yeni əlaqələrin yaradılması.

Bakı üçün TRIPP ərazi bütövlüyü məntiqinin nəqliyyat mərhələsidir. Naxçıvana birbaşa quru yolu ölkənin İran tranzitindən asılılığını azaldır, Azərbaycanın tranzit dəyərini artırır və onu regional inteqrasiyanın təşəbbüskarı kimi mövqeləndirir. Enerji ixracının Türkiyə istiqamətində diversifikasiyası, Zəngəzur vasitəsilə nəqliyyat şəbəkəsinin genişlənməsi və türk dünyası ilə inteqrasiya – bunların hamısı bir nöqtədə birləşir: Azərbaycanın coğrafi məhdudiyyətinin strateji üstünlüyə çevrilməsi. Uzun illər ərzində Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi ilə sübut edilən bu model – infrastruktur vasitəsilə coğrafiyanı sərmayəyə çevirmək – TRIPP ilə növbəti, bəlkə də son mərhələsinə çatır.

Ankara üçün TRIPP ikiqat vacibdir. Birincisi, o, Türkiyənin çoxistiqamətli bağlılıq strategiyasının əsas daşıyıcılarından biridir – Ankara özünü Şərqlə Qərb arasında vasitəçilik edən “mərkəzi ölkə” kimi mövqeləndirir və bu statusu iki tranzit dəhlizi – TRIPP və İraq İnkişaf Yolu – vasitəsilə maddiləşdirməyə çalışır. İkincisi, Türkiyə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi kimi rəqib layihələrin onu kənara qoymasından ciddi narahatdır; “Türkiyəsiz koridor ola bilməz” yanaşması məhz bu riskə cavabdır. Giriş-çıxış nöqtələrinin Azərbaycan və NATO üzvü Türkiyədə yerləşməsi də bu məntiqə uyğundur: marşrut Ankaranın tranzit şəbəkələrində “düyün nöqtəsi” statusunu təmin edir və onu Avrasiya logistikasının mərkəzi rolunda saxlayır.

TRIPP-in ən diqqətçəkən tərəfi onun Vaşinqton tərəfindən irəli sürülməsidir. Amerikanın marağı enerji iqtisadiyyatındadır: Beynəlxalq Enerji Agentliyinin 2025-ci il proqnozlarına əsasən, Avropanın 2030-cu ilə qədər qeyri-Rusiya qazına əlavə ehtiyacı ildə 20 mlrd kubmetr təşkil edəcək; Ermənistan-Türkiyə sərhədlərinin normallaşması isə Xəzər ehtiyatlarına çıxışı yaxşılaşdırmaqla transmilli enerji şirkətləri üçün idxal xərclərini 10–15 faiz azalda bilər. Başqa sözlə, TRIPP Vaşinqton üçün həm geosiyasi üstünlük, həm də iqtisadi səmərə mənbəyidir. TRIPP-in dəstəkçiləri sırasında Ermənistan hökumətinin yer alması ilk baxışda paradoksal görünə bilər, lakin məntiqlidir: layihə İrəvana regional izolyasiyadan çıxış, Türkiyə ilə əlaqələrin bərpası və iqtisadi inteqrasiya vəd edir. Avropa tədqiqatçıları da qeyd edir ki, TRIPP koridoru regional bağlantını yenidən formalaşdırdığı üçün Aİ Ermənistan-Azərbaycan normallaşmasını dəstəkləməklə yanaşı, öz strateji rolunu qorumalıdır.

TRIPP İlham Əliyevin xarici siyasət strategiyasının növbəti mərhələsidir. “Kiçik dövlət – böyük strateji manevrlər” modeli hər zaman Bakını enerji və tranzit resurslarını nüfuza çevirməyə sövq edib: Bakı-Tbilisi-Ceyhandan Cənub Qaz Dəhlizinə, Orta Dəhlizdən Zəngəzur/TRIPP-ə qədər uzanan xətt eyni strateji məntiqin halqalarıdır. Bu layihə ilə Azərbaycan Naxçıvana birbaşa çıxış əldə etməklə ərazi-strateji bütövlüyünü tamamlayır, İrandan tranzit asılılığını azaldır və post-münaqişə dövründə regional inteqrasiyanın təşəbbüskarı rolunu möhkəmləndirir.Lakin siyasi reallıq qeyri-müəyyənliklərlə doludur. TRIPP-in taleyi artıq təkcə Bakı və Ankaradan deyil, Vaşinqtonun öhdəliklərə sadiqliyindən, İrəvanın daxili tarazlığından, Moskvanın qırmızı xətlərindən və Brüsselin strateji seçimindən asılıdır. Bir məqam dəqiqdir: hansı adla olursa olsun – Zəngəzur dəhlizi, yoxsa TRIPP – bu koridor məsələsi onilliklər boyu Cənubi Qafqazın əsas geosiyasi mübahisə və yarış mövzusu olaraq qalacaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью