İlham Əliyevin Vyetnam səfərinin əsl məqsədi nədir? ƏSAS DETALLAR

20.11.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri iki ölkə arasında tarixi dostluq münasibətlərinin strateji tərəfdaşlıq çərçivəsində daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Yeni Sabah” xəbər verir ki, politoloq Turan Rzayev açıqlamasında səfərin 2025-ci ildə Vyetnam tərəfinin etdiyi dəvət əsasında reallaşdığını bildirib.

Onun sözlərinə görə, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam 2025-ci il mayın 7-də Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevi ölkəsinə dəvət edib. Hazırkı səfər də məhz həmin dəvətin reallaşmasıdır. Məişət texnikası

Politoloq qeyd edib ki, Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin tarixi ötən əsrin 50-ci illərinə gedib çıxır. 1959-cu ildə Vyetnamın tarixi lideri Ho Şi Minin Bakıya səfəri iki xalq arasında əlaqələrin inkişafında mühüm mərhələ olub. Həmin dövrdə Azərbaycanın neft sənayesindəki təcrübəsi Vyetnamın diqqətini çəkib, sonrakı illərdə azərbaycanlı mütəxəssislər bu ölkənin neft-qaz sənayesinin inkişafında iştirak ediblər.

T.Rzayev bildirib ki, münasibətlərin formalaşmasında ümummilli lider Heydər Əliyevin də xüsusi rolu olub. Belə ki, 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev nümayəndə heyətinə rəhbərlik edərək Vyetnama səfər edib. Səkkiz gün davam edən səfər zamanı iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.

Politoloqun fikrincə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da iki ölkə arasındakı dostluq ənənəsi davam edib. 1992-ci il sentyabrın 23-də diplomatik münasibətlər qurulub. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, To Lamın isə 2025-ci ildə Azərbaycana səfəri əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.

O vurğulayıb ki, 2025-ci ildə iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanatın imzalanması tarixi dostluğun müasir siyasi və iqtisadi əməkdaşlığa çevrilməsini rəsmiləşdirib.

T.Rzayev hesab edir ki, Prezident İlham Əliyevin hazırkı səfəri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin konkret layihələrlə möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Səfərdə iqtisadiyyat, energetika, müdafiə, nəqliyyat və digər sahələrə məsul şəxslərin təmsil olunması da əməkdaşlıq gündəliyinin genişliyini göstərir.

Politoloq iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Lakin mövcud iqtisadi imkanlar bu göstəricinin daha da artırılmasına şərait yaradır.

Vyetnamın istehsal və ixrac imkanları, Azərbaycanın isə enerji resursları və əlverişli tranzit mövqeyi yeni iqtisadi əməkdaşlıq istiqamətləri yaradır. Vyetnam şirkətlərinin Azərbaycanda tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə marağı da diqqət çəkən məqamlardandır.

T.Rzayev energetikanın iki ölkə arasında əməkdaşlığın ənənəvi istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, sovet dövründə Azərbaycan mütəxəssislərinin Vyetnamın neft sənayesinin inkişafına verdiyi töhfələr hazırda SOCAR və PetroVietnam arasında əməkdaşlıqla davam etdirilir.

Onun sözlərinə görə, 2025-ci ildə imzalanmış memorandum neft-qaz yataqlarının işlənməsi, texniki xidmət və mütəxəssis hazırlığı sahələrində əlaqələrin genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, yaşıl enerji sahəsində də əməkdaşlıq imkanları mövcuddur.

Politoloq nəqliyyat və logistikanı da perspektivli istiqamətlərdən biri hesab edir. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub marşrutları üzrə imkanları Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması üçün alternativ imkanlar yarada bilər.

O bildirib ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycan ərazisindən Vyetnamla əlaqəli tranzit yükdaşımaları altı dəfə artaraq 8 min tonu ötüb. Bu göstərici nəqliyyat sahəsində əməkdaşlıq potensialının reallaşmağa başladığını nümayiş etdirir.

T.Rzayev siyasi müstəvidə də iki ölkəni birləşdirən ortaq məqamların olduğunu vurğulayıb. Onun fikrincə, suverenlik və ərazi bütövlüyü prinsiplərinə ortaq yanaşma, beynəlxalq platformalarda əməkdaşlıq, eləcə də təhsil və mədəniyyət sahəsində formalaşmış əlaqələr münasibətlərin möhkəm əsasını təşkil edir.

Politoloq hesab edir ki, səfərin əsas məqsədi tarixi dostluq və siyasi etimadı daha geniş iqtisadi əməkdaşlığa çevirməkdir. Strateji tərəfdaşlığın real nəticələri isə ticarət dövriyyəsinin artması, investisiya layihələrinin həyata keçirilməsi, nəqliyyat və energetika əlaqələrinin genişlənməsi ilə ölçüləcək.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью