Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yazıçı İlham Əziz cəmiyyətdə dini və dünyəvi baxışlar ətrafında yaranan müzakirələrlə bağlı paylaşım edib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, belə məsələlərdə ən doğru yol qanunun aliliyinə riayət etməkdir.
“Belə məsələlərin ən optimal variantı odur ki, hamımız qanuna tabe olaq. Özfəaliyyətə yer yoxdur. Qanunu pozma, cəzalanma”, – deyə yazıçı qeyd edib.
İlham Əziz söz azadlığının vacibliyini vurğulayaraq, heç kimin azad fikir ifadə etmək hüququnun məhdudlaşdırılmasının tərəfdarı olmadığını bildirib.
O, inanclı olduğunu desə də, dinin tənqidinə və dini rəhbərlərin müzakirəsinə dözümlü yanaşdığını ifadə edib.
“Əgər mənim dinim hansısa bloqqerin TikTok-da danışması ilə dağılacaqsa, elə dağılsa yaxşıdır. 1400 ildir milyonlarla belə uğursuz cəhd olub, yenə də inanclıların sayı artıb”, – deyə o əlavə edib.
Yazıçı müasir dünyada dini kimliyin yenidən ön plana çıxdığını, lakin dinin siyasi və ya digər məqsədlər üçün funksionallaşdırılmasının doğru olmadığını bildirib.
Onun sözlərinə görə, din “nadir hədiyyə kimi qorunmalıdır”.
İlham Əziz həm dindarlara, həm də ateistlərə qarşılıqlı hörmət çağırışı edib:
“Əziz dindar qardaşlar, ateist dostlar, bir-birinizə hörmətlə yanaşın, imkan verməyin sizdən istifadə edib ictimai vəziyyəti gərginləşdirsinlər. Bir daha deyirəm, ən optimal variant qanunun aliliyi, ona boyun əyməkdir. Ölkəmizin qanunları nəyi qadağan edirsə, ondan çəkinməliyik. Əksi olduqda isə cəzanı qəbul etməliyik. Bizim ən böyük nailiyyətimiz tolerant cəmiyyətimiz və Respublikamızdır, onu qoruyaq”.
Qeyd edək ki, sosial şəbəkədə “Çevik” ləqəbi ilə tanınan ateist Məqsəd Məcid oğlu Bağırov və Üzeyir Abas saxlanılıb.
Orxan