Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın paralimpiya çempionu İlham Zəkiyevin Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-pri yarışında əsas məqsədi reytinq xallarını artırmaq olub.
Bakıvaxtı.az xəbər verir ki, idmançı bunu "Report"a açıqlamasında deyib.
O, zədələr səbəbindən yarışa tam hazır olmasa da, bürünc medal qazanmağı qənaətbəxş nəticə sayıb:
"İsgəndəriyyə Qran-prisində ilk dəfə deyildi ki, iştirak edirdim. 2023-cü ildə də bu turnirə qatılmış və vətənə qızıl medalla qayıtmışdım. Bu dəfə dünya çempionatından sonra zədələrim var idi, müalicələrlə əlaqədar hazırlığım istədiyim səviyyədə deyildi. Rəqiblərim tanıdığım idmançılar idi. Məğlub etdiyim iki cüdoçudan britaniyalı sonuncu dünya çempionatının bürünc mükafatçısıdır. Bürünc medal uğrunda görüşdə üstələdiyim qazaxıstanlı rəqib isə sonuncu dünya çempionu, ondan əvvəlki birinciliyin finalçısı və bürünc mükafatçısıdır. Bu yarışda iştirak etməkdə əsas məqsədim reytinq xallarımızı artırmaq və mövqeyimizi yaxşılaşdırmaq idi. vətənə əliboş qayıtmadıq, nəticəni qənaətbəxş hesab edirəm".
Paracüdoçu qızıl medal qazana bilməməsinin səbəblərinə və kateqoriya bölgüsündəki problemlərə də toxunub:
"Qızıl medal üçün ilk növbədə hazırlığım tam yetərli deyildi. Digər tərəfdən, təəssüf ki, görmə qabiliyyəti olan idmançılar hələ də bu kateqoriyada mübarizə aparırlar. Sonuncu dünya çempionu moldovalı rəqibə uduzdum, halbuki vaxtilə Avropa çempionatında onu məğlub etmişdim. Görmə imkanının olması həm hazırlıq prosesində, həm də görüş zamanı rəqibə üstünlük qazandırır. Bu, şikayət kimi səslənməsin, reallıq belədir. Əslində J1 kateqoriyasında yalnız heç görməyənlər, J2-də isə zəif görənlər çıxış etməlidirlər. Əlbəttə, belə halla ilk dəfə üzləşmirəm. İndiyədək beş Paralimpiadada görmə qabiliyyəti olan cüdoçularla güləşmişəm. Parisdəki Paralimpiya yarışlarından əvvəl qaydalar dəyişdirildi, J1 və J2 kateqoriyaları ayrıldı. Ona qədər B1, B2 və B3 siniflərinin hamısı birlikdə mübarizə aparırdı və mən onların hər biri ilə qarşılaşmışam".
O, növbəti il üçün planlarından və əsas hədəfindən də danışıb:
"Gələn ilin yarış təqvimi açıqlandıqdan sonra məşqçilərlə birlikdə təhlil aparacaq və hansı turnirlərdə iştirakımızın vacib olduğunu müəyyənləşdirəcəyik. Yarışlar çox olsa da, hamısına qatılmaq mütləq deyil, uyğun olanları seçəcəyik. Bildiyiniz kimi, Paralimpiya Oyunlarında püşkatma reytinqə əsasən aparılır. İlk dördlükdə yer alanlar ayrı səbətlərə bölünür, digərləri isə qalan xanalara yerləşdirilir. Ona görə də əsas məqsədimiz reytinqdə ilk dördlüyə düşmək və orada möhkəmlənməkdir".
Qeyd edək ki, Qran-pridə J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.