Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 16 noyabr, AZƏRTAC
“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun inkişafı, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının genişləndirilməsi, eləcə də regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən təşəbbüslərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk iqtisadçı ekspert İlhan İşbaş bildirib.
O qeyd edib ki, Azərbaycan son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycanın Avropa dövlətləri ilə qurduğu çoxşaxəli əməkdaşlıq əlaqələri həm ikitərəfli münasibətlərin, həm də regional və qlobal iqtisadi proseslərin inkişafına mühüm töhfə verir. Ekspertin sözlərinə görə, Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti, ilk növbədə, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olması ilə bağlıdır.
“Xüsusilə Avropanın enerji mənbələrinin şaxələndirilməsinə ehtiyac duyduğu hazırkı dövrdə Azərbaycanın rolu daha da artır. Cənub Qaz Dəhlizi və digər enerji layihələri ölkəmizin Avropa enerji bazarında mövqeyini möhkəmləndirməklə yanaşı, tərəfdaş ölkələrlə uzunmüddətli əməkdaşlıq üçün də geniş imkanlar yaradır. Azərbaycan ilə Avropa ölkələri arasında əməkdaşlığın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına verdiyi töhfə ölkəmizi beynəlxalq yükdaşımalar sistemində mühüm tranzit mərkəzlərindən birinə çevirir. Orta Dəhlizin potensialının artırılması Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsinə, yükdaşımaların səmərəliliyinin yüksəlməsinə və yeni investisiya imkanlarının yaranmasına xidmət edir”, - deyə İlhan İşbaş vurğulayıb.
Türk iqtisadçı ekspert diqqətə çatdırıb ki, “Avropa Siyasi Birliyi” kimi platformalar yalnız siyasi dialoq üçün deyil, həm də ortaq maraqların müəyyənləşdirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və regional problemlərin müzakirəsi baxımından əhəmiyyətlidir. Bu cür görüşlər Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yarada bilər.
O, regional sülh gündəliyinə də toxunaraq bildirib ki, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması yalnız region ölkələri üçün deyil, bütövlükdə Avropa üçün də strateji əhəmiyyət kəsb edir. Sülhün möhkəmləndirilməsi, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin genişləndirilməsi regionun beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirə bilər.
İ.İşbaşın fikrincə, Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləri ölkənin beynəlxalq mövqeyini daha da gücləndirir. Avropa ölkələrinin bu proseslərə konstruktiv yanaşması isə qarşılıqlı etimadın artırılmasına və uzunmüddətli sabitliyin formalaşmasına töhfə verə bilər.
Ekspert qeyd edib ki, Dublin sammiti çərçivəsində aparılan müzakirələr Azərbaycanın Avropa ilə siyasi, iqtisadi və strateji tərəfdaşlığının gələcək perspektivlərinin qiymətləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynaya bilər. Azərbaycanın enerji, nəqliyyat və regional təhlükəsizlik sahələrində artan rolu Avropa ilə münasibətlərin yeni mərhələyə yüksəlməsi üçün əlverişli zəmin yaradır.