Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 29 yanvar, Xatirə Cəfərova, AZƏRTAC
Bakı Dövlət Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqə Komissiyasının qərarına əsasən, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Məhəmməd Bağır Bağırov təbiət, dəqiq və texnika elmləri üzrə “İlin gənc alimi” adına layiq görülüb, diplom və pul mükafatı ilə təltif olunub.
Məhəmməd Bağır Bağırov AZƏRTAC-a müsahibəsində bu mükafatın onun elmi fəaliyyətinə verdiyi töhfələrdən, gələcək tədqiqat planlarından və gənclər üçün yaradılan imkanlardan danışıb.
-Bu mükafatın elmi fəaliyyətinizə təsirini necə qiymətləndirirsiniz?
-Bu mükafat mənim üçün ilk növbədə böyük bir məsuliyyətdir. Əlbəttə, görülən işlərin qiymətləndirilməsi insanı sevindirir və motivasiya edir, eyni zamanda, gələcək fəaliyyətə daha ciddi yanaşmağı tələb edir. “İlin gənc alimi” adı mənim üçün yeni mərhələnin başlanğıcıdır və bu etimadı doğrultmaq üçün elmi fəaliyyətimi daha da intensivləşdirməyi qarşıma məqsəd qoymuşam.
– Hansı elmi nailiyyətləriniz bu uğurun qazanılmasında həlledici rol oynadı?
-Bu suala cavab vermək üçün konkret bir nailiyyəti demək çətindir. Çünki müsabiqəyə təqdim olunan fəaliyyətlərə ayrı-ayrılıqda deyil, bir bütöv elmi yol kimi baxmaq daha doğrudur. Dərc olunan elmi məqalələr, beynəlxalq konfrans materialları, qrant layihələri və aparılan tədqiqatların hər biri bu nəticənin əldə olunmasında xüsusi paya sahibdir. Hesab edirəm ki, bu uğur ardıcıl və sistemli elmi fəaliyyətin məntiqi nəticəsidir.
– Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında apardığınız tədqiqatların əsas istiqamətləri hansılardır?
-Əsas tədqiqat istiqamətim nanomaterialların və nanokompozitlərin fiziki xassələrinə qamma şüalanmanın təsirinin öyrənilməsidir. Bununla yanaşı, elmi fəaliyyətim yalnız bu mövzu ilə məhdudlaşmır. Xüsusilə karbon əsaslı materialların enerji saxlama qurğularında tətbiq perspektivləri üzrə də tədqiqatlar aparıram ki, bu istiqamət hazırda materialşünaslıq sahəsində olduqca aktualdır. Laboratoriyada biz təkcə nəticə əldə edən tədqiqatçı deyil, eyni zamanda, fundamental elmi biliklərə malik, yaxşı mütəxəssis kimi formalaşmağa çalışırıq.
– Gələcək elmi planlarınız nədən ibarətdir? Yeni layihələr üzərində işləyirsinizmi?
-Yaxın gələcək üçün əsas planım fizika üzrə fəlsəfə doktorluğu dissertasiyamı uğurla müdafiə etməkdir. Bununla yanaşı, həm fundamental, həm də sənayeyönümlü tətbiqlərə əsaslanan elmi layihələr üzərində işləməyi planlaşdırıram. Xarici laboratoriyalarla birgə tədqiqatların genişləndirilməsi, beynəlxalq layihələrin hazırlanması və tətbiqiyönümlü elmi nəticələrin əldə olunması əsas hədəflərim sırasındadır.
– Beynəlxalq elmi əməkdaşlıq baxımından hansı hədəfləriniz var?
-Hazırda laboratoriyamızın əməkdaşları Türkiyə, Özbəkistan, İtaliya, Sloveniya, Cənubi Koreya və digər ölkələrin nüfuzlu universitetləri və tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində elmi təcrübə mübadiləsi aparılır və birgə beynəlxalq layihələr hazırlanır. Qeyd edim ki, elmi fəaliyyətim dövründə bir sıra xarici laboratoriyalarda olmuş, müxtəlif ölkələrdən olan professor və tədqiqatçılarla elmi müzakirələr aparmışam. Bu görüşlər mənim elmi problemlərə baxışımı, yanaşma tərzimi müsbət mənada dəyişib. Gələcəkdə bu beynəlxalq əlaqələrin daha da genişlənməsi əsas hədəflərimdəndir.
– Azərbaycan gənclərinin elmə marağını artırmaq üçün hansı addımların atılmasını vacib hesab edirsiniz?
-Düşünürəm ki, gənclərə elmin qısa yol olmadığını düzgün izah etmək olduqca vacibdir. Elm səbir, davamlılıq və zəhmət tələb edir. Erkən mərhələdən laboratoriya mühiti ilə tanışlıq, düzgün mentorluq və real elmi nümunələrin göstərilməsi gənclərin elmə marağını artıran əsas amillərdəndir. Bununla yanaşı, elmi istiqamətdə inkişaf edən gənclər üçün məişət məsələlərində, xüsusilə yaşayış yerləri ilə bağlı müəyyən imtiyazların yaradılması onların elmi fəaliyyətə daha rahat fokuslanmasına kömək edə bilər.
–Gənc tədqiqatçılara və elm yolunu seçmək istəyən tələbələrə nə demək istərdiniz?
-Elm yolunu seçən hər kəs bilməlidir ki, bu yol çətin, lakin olduqca dəyərlidir. Əsas məsələ istiqaməti düzgün seçmək, səbirli olmaq və daim öz üzərində işləməkdir. Bununla yanaşı, bir elm işçisi üçün ən vacib xüsusiyyətlərdən biri xəyal etməyi bacarmaqdır. Gənclərə tövsiyəm odur ki, hədəfləri böyük olsun, qarşılarında geniş inkişaf yolları görsünlər və bu yolda irəliləyə biləcəklərinə özlərini inandırsınlar.