Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
İlin sonuna yaxın günlərin qısalması, günəş işığının azalması və orqanizmdə bəzi vitaminlərin çatışmazlığı insanlarda yorğunluq, enerji itkisi və depressiv əhvalın güclənməsinə səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşrinə tibb elmləri namizədi, həkim Andrey Skalnı danışıb.
Mütəxəssisin sözlərinə görə, bu prosesdə bioloji ritmlərin dəyişməsi mühüm rol oynayır. Gün işığının azalması orqanizmin gündəlik fəaliyyət ritminə təsir göstərir. Xüsusilə D vitamini çatışmazlığı maddələr mübadiləsini ləngidə, yorğunluğu artıra və əhval-ruhiyyənin aşağı düşməsinə gətirib çıxara bilər.
Bundan başqa, B qrupu vitaminlərinin azlığı da sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərir. Nəticədə düşünmə sürəti zəifləyə, gərginlik arta və insan özünü daha tez tükənmiş hiss edə bilər.
Həkim amin turşularının da əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, taurin enerji mübadiləsində, qlisin beynin normal fəaliyyətində, triptofan sinir sisteminin tənzimlənməsində, qlutamin isə sinir hüceyrələri arasında impulsların ötürülməsində iştirak edir.
Orqanizmdə kalium, maqnezium, fosfor, manqan, mis, yod və kobalt kimi elementlərin səviyyəsinə də diqqət yetirmək lazımdır. Bu maddələr sinir-əzələ sisteminin, yaddaşın, diqqətin və beyin fəaliyyətinin normal işləməsində rol oynayır.
Skalnı əlavə edib ki, ilin sonundakı psixoloji gərginlik də əhvalın pisləşməsinə təsir edə bilər. Yeni il hazırlıqları, görülən işlərin yekunlaşdırılması və qarşıdakı dövrlə bağlı narahatlıqlar stress və tükənmişlik hissini gücləndirə bilər.
Həkim vurğulayıb ki, enerji azalması və depressiv əhvalın səbəbləri müxtəlif ola bilər. Buna görə də problemin aradan qaldırılması fərdi yanaşma və bir neçə amilin birlikdə nəzərə alınmasını tələb edir.
Aydın