Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
İlk avtomobilinizi almaq həm həyəcanlı, həm də məsuliyyətli qərardır. Bazardakı çoxsaylı modellər, texniki xüsusiyyətlər və fərqli qiymətlər seçim etməyi çətinləşdirə bilər. Yanlış qərar əlavə xərclərə səbəb ola biləcəyindən avtomobil alarkən bir neçə vacib məqamı nəzərə almaq lazımdır.
1. Ehtiyaclarınıza uyğun avtomobil seçin
Avtomobili əsasən şəhərdə, yoxsa uzun yollarda istifadə edəcəyinizi müəyyənləşdirin. Sərnişin və baqaj ehtiyaclarınızı da nəzərə alın. İlk avtomobiliniz görünüşünə görə deyil, gündəlik həyatınıza uyğunluğuna görə seçilməlidir.
2. Bütün büdcənizi avtomobilə xərcləməyin
Avtomobilin qiymətindən əlavə sığorta, yanacaq, texniki xidmət, ehtiyat hissələri və digər xərcləri də hesablayın. Gözlənilməz təmir və ilkin xidmət üçün büdcənizin təxminən 10-15 faizini kənarda saxlamaq məqsədəuyğundur.
3. İkinci əl avtomobilləri də nəzərdən keçirin
İlk avtomobil üçün ikinci əl model daha sərfəli seçim ola bilər. Yeni avtomobillər salondan çıxan kimi dəyər itirir. Bundan başqa, sürücülük təcrübəsi az olan şəxslərin ilk avtomobilində kiçik zədələrin yaranması ehtimalı da yüksəkdir.
4. Ehtiyat hissələri asan tapılan modellərə üstünlük verin
Bazarda geniş yayılan, servis şəbəkəsi olan və ehtiyat hissələri əlçatan avtomobillər daha rahat seçimdir. Nadir modellərdə kiçik nasazlıqların aradan qaldırılması belə vaxt və əlavə xərc tələb edə bilər.
5. Avtomobili ekspertizadan keçirin
Xarici görünüş avtomobilin texniki vəziyyətini tam əks etdirmir. Alışdan əvvəl müstəqil ekspertiza mərkəzində mühərriki, kuzovu, asqı sistemini və qəza tarixçəsini yoxlatdırın.
6. Test sürüşü edin
Avtomobili almamışdan əvvəl mütləq idarə edin. Mühərrikin səsinə, əyləclərə, sükanın reaksiyasına, sürət qutusunun işinə və asqı sisteminə diqqət yetirin. Kondisioner və digər funksiyaların işlək vəziyyətdə olduğunu da yoxlayın.
7. Avtomobilin gələcək satış dəyərini nəzərə alın
Gələcəkdə avtomobilinizi dəyişmək istəyə bilərsiniz. Buna görə bazarda tələbatı olan və satılması nisbətən asan modellərə üstünlük vermək daha məqsədəuyğundur.
8. Ödənişi təhlükəsiz şəkildə həyata keçirin
Alqı-satqı zamanı nağd ödənişdən çəkinin, bank köçürməsindən və təhlükəsiz ödəniş sistemlərindən istifadə edin. Pul göndərilən hesabın sahibinin avtomobilin rəsmi sahibi ilə eyni olduğuna əmin olun. Notariat rəsmiləşdirilməsi tamamlanmadan ödəniş etməyin.
Bizi sosial şəbəkələrdən izləyin!!