İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edilib

22.01.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Ölkə üzrə ilk dəfə Bakı şəhəri 11 nömrəli xüsusi ümumtəhsil məktəbində peşə təmayüllü sinif təşkil edilib.

Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 2025–2026-cı tədris ilindən etibarən yaradılan sinifin təşkili üçün xüsusi işçi qrupu formalaşdırılıb, peşə ixtisası müəyyən edilib və tədris proqramı hazırlanıb. Tədris prosesinin effektiv təşkili məqsədilə məktəbdə xüsusi emalatxana yaradılıb və zəruri maddi-texniki baza ilə təmin edilib.

Bildirilib ki, peşə təmayüllü sinif sağlamlıq imkanları məhdud olan 8 şagirdin təhsil aldığı 10-cu sinif üzrə komplektləşdirilib. Sinifdə şagirdlərə tikişçi ixtisası üzrə bilik və bacarıqlar öyrədilir.

Peşə sinfinin fəaliyyəti ilə tanışlıq zamanı dərslər və praktiki məşğələlər müşahidə edilib, şagirdlərin bacarıqları nümayiş etdirilib, tədris planı və proqramların icra vəziyyətinə baxış keçirilib.

Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu da iştirak edib. O bildirib ki, məktəbi bitirən şagirdlərin akademik göstəriciləri ilə yanaşı, özünəxidmət vərdişləri, məişət və ev təsərrüfatı sahəsində bəlli səriştələrinin formalaşması vacibdir.

Qeyd edək ki, pilot layihənin icrası xüsusi təhsilə ehtiyacı olan şagirdlərin bacarıqlarının inkişaf etdirilməsinə, onların əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью