Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məlum olduğu kimi cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilmiş və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənmişdir. Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmuşdur.
İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası dövlət başçısının bu sahədə verdiyi tapşırıqların icrasının nəticələrinə həsr edilmişdir.
Şuranın əsas məqsədi nədir?
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası nəyi müzakirə etdi, nəyin vacib olduğunu vurğuladı. Bu barədə iclasda çıxış edən Birinci vitse-prezident Mehriban Əliyevanın dəyərli fikirlərini dinləmək kifayətdir: Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.
Süni intellektin artıq gələcəyin deyil, bu günün əsas inkişaf amili olduğunu, eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolunun artmasını və bunun artıq mərkəzi yer tutduğunu vurğulayan Mehriban Əliyeva “Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır”,-fikrini bildirərək, yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmağın vacibliyini də vurğulayıb.
Bəs Azərbaycanda rəqəmsal inkişaf və süni intellektdən istifadə nə səviyyədədir? Bu barədə danışan Birinci vitse-prezident xüsusi bir məqamı vurğulayıb: Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik.
58 təşəbbüsü əhatə edən Fəaliyyət Planı
"Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Birinci vitse-prezidentə məlumat verən Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fəaliyyət planının rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə etdiyini, rəqəmsallaşma istiqamətində 40 dövlət qurumu ilə Yol xəritələrinin hazırlandığını, onlardan 13-nün artıq təsdiqləndiyini və ya təsdiq mərhələsində olduğunu bildirib.
"Mygov" platformasının xidmət dairəsinin genişləndirildiyini, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirdi.
Nazir Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması, həmçinin dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platformasının qurulması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.
Postsovet məkanında ən əhatəli və fundamental islahat təşəbbüsü
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dövlətimizin başçısının bu ilin fevralında imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurasının yaradıldığını və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqləndiyini xatırladıb. Şahmar Mövsümov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatların hazırlandığını deyib və vurğulayıb ki, bu, postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür.
İnsan kapitalının inkişafı əsas prioritetlərdən biridir
Elm və təhsil naziri Emin Əmrullayev ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və gələcək planlar barədə Birinci vitse-prezidentə məlumat verərək təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, “Rəqəmsal məktəb” layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxunub, növbəti mərhələ olaraq tədrisin rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu deyib.
Emin Əmrullayev, həmçinin şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün məktəblərdə həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “STEAM Azərbaycan” layihələrini qeyd edib, bu istiqamətdə insan kapitalının inkişafının təmin edilməsinin də əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
Rəqəmsal transformasiya: ardıcıl və uğurlu şəkildə
Müzakirələrlə davam etdirilən iclasda rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılması, innovasiyaların maliyyələşdirilməsi, elmi-tədqiqat və innovasiya təşviqləri, istedadların cəlb edilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində tənzimləmənin təkmilləşdirilməsi məsələlərindən söhbət açılıb. Eyni zamanda, bu islahatların mühüm cəhətlərindən biri kimi onların dünya təcrübəsinə əsaslandığı, dəyişikliklər hazırlanarkən müxtəlif ölkələrin uğurlu modellərinin öyrənildiyi bildirilib.
Ümumilikdə ölkəmizdə rəqəmsal transformasiya ardıcıl və uğurlu şəkildə həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da dediyi kimi, bu sahədə bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır.
Beləliklə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasından gözləntilər çoxdur. Şuranın ilk iclasından belə nəticə hasil olur ki, ölkəmizdə rəqəmsal inkişaf strategiyası dövlətin ən ümdə prioritetidir. Birinci vitse-prezidenti Mehriban Əliyevanın da qeyd etdiyi kimi yeni imkanlar həm də yeni təhlükələr yaradır. Odur ki, Şura bunu hər zaman göz önündə saxlayacaq: həm ölkə, həm ölkə vətəndaşı naminə.
Mətanət Məmmədova