Icma.az, Apa.az portalına istinadən məlumat verir. Yanvarın 21-də Xankəndi şəhərinə ilk köç prosesi baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərdən ibarət 36 ailə (162 nəfər) doğma yurduna qayıdıb.
Onların 35 ildən sonra Xankəndiyə qayıdışı sevinclə qarşılandı. Əvvəlcə Dövlət Himni səsləndirilib. Şəhidlərimizin xatirəsi yad olunub.
Sakinlərə yeni mənzillərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
Bu ərazilər qısa müddət ərzində yenidən dirçəldilir, müasir yaşayış məkanları, sosial infrastruktur obyektləri, yollar, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri bərpa və inşa olunur.
Vurğulanıb ki, “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin edilir və bu proses dövlətin daim diqqət mərkəzindədir.
Əsas məqsəd insanların təhlükəsiz, rahat və layiqli yaşayış şəraiti ilə təmin olunması, eyni zamanda bölgədə dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılmasıdır.
Səbuhi Qəhrəmanov ailələri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib.