Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Transplantasiya əməliyyatı uğurla icra edildi. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və üzərimdə əməyi olan bütün həkimlərə təşəkkür edirəm”.
Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Qafqazda və Azərbaycanda meyit donorundan ilk ürək transplantasiyası olunan şəxs Rəşad Məmmədəliyev “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.
O, hər kəsi donorluqdan faydalanmağa çağırıb: “Əməliyyat uğurla icra edildi, səhhətim yaxşıdır, heç bir problemim yoxdur. Əməliyyat etdirməyə qorxsam da, həkimimə inamım var idi. Əməliyyatdan öncə təngnəfəs olurdum, indi hər şey çox yaxşıdır. Artıq əməliyyatdan 4 ay keçib. Əvvəl hərəkət etməkdə çətinlik çəkirdim, indi rahat hərəkət edirəm. Bir neçə dərman qəbul edirəm. Bəzisi ömürlük, bəziləri müddətlidir. Donor ailəsinə, əməyi olan hər kəsə təşəkkür edirəm. Hər kəs donorluqdan rahatlıqla faydalana bilər".
Onun anası Fəridə Hüseynova da jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, professor Kamran Musayevə təşəkkür edib: “Övladıma böyük humanistlik göstərildi. Əməliyyatdan öncəki hisslərimi ifadə edə bilmirəm. Sağ olsun həkimlərimiz, heç bir ödəniş olmadan övladımı əməliyyat elədilər, sağaltdılar”.
F. Hüseynova əlavə edib ki, donorun tapılması üçün uzun müddət gözləməyiblər: “Oğlum üçün klinikaya müraciət etdik, cihaz qoyuldu. Sonra Koordinasiya Mərkəzində qeydiyyata götürdülər. Gözləmə olmadan əməliyyata alındı”.