İlkin Süleymanov artıq ümid etmir... Vəkil danışdı

04.02.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"İlkin Süleymanov artıq ümid etmir, taleyi ilə barışıb".

Bunu Qaynarinfo-ya açıqlamasında 10 yaşlı Nərmin Quliyevanın qətlinə görə məhkum edilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib.

Vəkilin sözlərinə görə, İlkin Süleymanovun səhhəti normaldır:

"Hər şey qaydasındadır. Ailə üzvləri və vəkilləri ilə görüşə icazə verilir, heç bir problem yoxdur".

Əlibaba Rzayev Nərmin Quliyevanın qətli ilə bağlı cinayət işinin Avropa Məhkəməsinə göndərilməsi məsələsinə də aydınlıq gətirib:

"Onu 2020-ci ildə dörd gün qanunsuz saxlamışdılar. Yanvarın 6-dan 10-na qədər, yəni dörd gün ərzində heç bir rəsmiləşmə aparılmadan qanunsuz saxlanılması və bu müddətdə işgəncəyə məruz qalması ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərmişik. Göndərilən məktubdan görünür ki, Avropa Məhkəməsi artıq bu işi araşdırmağa başlayıb. Sonda hansı qərarların veriləcəyini indidən demək mümkün deyil".

Qeyd edək ki, hadisə 2020-ci ilin əvvəlində Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İttihama görə, İlkin Süleymanov həmkəndlisi olan azyaşlı Nərmin Quliyevanı oğurlayaraq evində saxlayıb, bir neçə gün sonra isə onu xüsusi amansızlıqla qətlə yetirib və cəsədini yandıraraq izləri gizlətməyə çalışıb.

İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusi amansızlıqla adam öldürmə, təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmə və adam oğurluğu maddələri üzrə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bahar Rüstəmli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью