İllərdir davam edən pəhrizdən xilas oldu Video

23.11.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çindəki zooparklardan birində yaşayan 19 yaşlı bəbir Pan Baobao ilə bağlı maraqlı qərar qəbul edilib. Artıq çəkisinə görə əvvəllər arıqlama proqramına cəlb olunan bəbirin yaşının artması səbəbindən bundan sonra pəhriz saxlamayacağı açıqlanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bildirilən Pan Baobaonun səhhətinin yaxşı olduğu qeyd olunur.
Rəsmilər heyvanın ömrünün qalan hissəsini sərt pəhriz əvəzinə, balanslaşdırılmış qidalanma və müntəzəm həkim nəzarəti altında rahat keçirməsinə qərar veriblər.
Qeyd edək ki, Çinin Sıçuan əyalətindəki Panzhihua Zooparkında yaşayan Pan Baobao girdə bədəni və iri qarnı ilə yenidən diqqət mərkəzinə düşüb. 2024-cü ildə ziyarətçilərin paylaşdığı görüntülərlə məşhurlaşan bəbir "Zootopia" cizgi filmindəki iri cüssəli polis obrazına bənzədilmişdi. Heyvanın artıq çəki səbəbindən sağlamlıq problemləri yaşaya biləcəyi ilə bağlı narahatlıqlardan sonra zoopark rəhbərliyi xüsusi arıqlama proqramına başlamışdı.
 

Zooparkın rəsmisi Çjan Sonqven bəbirin insan yaşı ilə təxminən 70–80 yaşında olduğunu deyərək, yaşlı heyvanlarda çəki itirməkdən daha çox mövcud sağlamlıq vəziyyətinin qorunmasına üstünlük verilməli olduğunu bildirib. Onun sözlərinə görə, heyvanın yaşlandıqca dərisinin boşalması da onun daha kök görünməsinə səbəb ola bilər.


Pan Baobaonun gündəlik qida rasionuna 500 qramdan çox mal əti daxildir. Qidalanma balansını qorumaq məqsədilə bəzi günlərdə ona toyuq əti də verilir. Rəsmilər son baytarlıq müayinəsi zamanı bəbirin sağlamlıq göstəricilərinin normal olduğunu və çəkisində ciddi dəyişiklik baş vermədiyini açıqlayıblar.
Zoopark rəhbərliyi 2024-cü ildə Pan Baobaonun daha çox hərəkət etməsi üçün onun yaşayış sahəsini böyüdüb. Qəfəslər arasındakı arakəsmələr götürülərək bəbirin istifadəsinə verilən sahə 45 kvadratmetrə çatdırılıb.
Baxıcılar heyvanın fiziki aktivliyini dəstəkləmək üçün əraziyə böyük oyuncaq top da yerləşdiriblər.
Qeyd edək ki, 2025-ci ildə Panzhihua şəhərinin fəxri turizm direktoru adına da layiq görülən bəbir zooparkın ən çox maraq görən sakinlərindən biridir.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью