İlmələrlə dəyişən həyat

03.02.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bərdə, 3 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Əlilliyi olan şəxslərin cəmiyyətə daha fəal qoşulması, bacarıqlarını inkişaf etdirməsi və arzuladıqları peşəyə yiyələnməsi üçün yaradılan imkanlar onların həyatında mühüm dəyişikliklərə yol açır. Bu baxımdan, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yaradılan şərait bir çox insan üçün yeni ümid, yeni başlanğıcdır. Uşaqlıq xəyallarını ilmə-ilmə gerçəkliyə çevirən Gülnarə Abbasovanın həyat hekayəsi dövlətin yaratdığı inklüziv mühitin fərdi talelərə necə rəng qatdığının ən bariz nümunəsidir.

DOST Mərkəzi ilə açılan yeni səhifə

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gülnarə Abbasova Gədəbəy rayonunda doğulub böyüyüb. Onun sözlərinə görə, fiziki məhdudiyyətinə baxmayaraq, həmişə xalçaçılığa maraq göstərib: “Televizorda baxırdım, xalçaçılıq mənə maraqlı gəlirdi. Sonra DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində xalçaçılıq və xalça eskizinin hazırlanması üzrə benefisiar oldum. Dövlətimizin dəstəyi ilə bu sahəni öyrəndim və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Bərdədə yerləşən Qarabağ “DOST Evi” şöbəsinə göndərildim. Bu gün isə həm sevdiyim xalçaçılıq üzrə fəaliyyət göstərirəm, həm də bildiklərimi benefisiarlara öyrədirəm”.

Əlçatmaz arzulardan gerçəkliyə

Xalçaçılıq onun həmişə arzuladığı, amma əlçatmaz göründüyü sahə olub. Dövlətin və DOST Mərkəzinin dəstəyi sayəsində o, həm arzuladığı sənətə yiyələnib, həm də valideynlərinin narahatlıqlarını aradan qaldırıb:

“Xalçaçılıq arzuladığım sahə olsa da, hər zaman mənə əlçatmaz gəlirdi. Düşünürdüm ki, bunun sirlərini öyrənə bilməyəcəm. Dövlətimizin əlilliyi olan sakinlər üçün yaratdığı şərait sayəsində arzuladığım sənəti öyrəndim. Bu işdə valideyn dəstəyinin də önəmi var. Mən həm əlilliklə mübarizə aparırdım, həm də valideynlərimi razı salmaq üçün çalışırdım. Onlar tərəddüd edir, narahat olurdular, məni qorumaq üçün yanlarında olmağımı istəyirdilər”.

“İndi özümü ifadə edə bilirəm”

Əvvəllər daha qapalı və özünə inamsız olan Gülnarə indi insanlarla ünsiyyət qurmağı bacarır, özgüvəni artıb. “Əvvəllər özümə qapanırdım, evə qonaq gələndə kənarda otururdum, söhbətə qoşulmurdum. Amma indi özümü ifadə edə bilirəm. İnsanlarla ünsiyyət qurmağı bacarıram. Özgüvənim artıb. Həmçinin maddi gəlirim var, kiməsə möhtac deyiləm. Həm fiziki məhdudiyyətli insan, həm də bir qadın kimi bu, mənim üçün çox vacibdir”, - deyə o bildirir.

İlmə-ilmə qazanılan uğur

Hazırda Gülnarə xanım yalnız xalça deyil, həm də çantalar, uşaq paltarları, papaq və şərf toxuyur, eskizlər hazırlayır. Lakin bütün bu işlərin arasında özünü tapdığı sahə xalçaçılıqdır: “Qədim el sənətimi yaşadıram, həm də qazanc əldə edirəm. Hazırda həndəsi naxışlar vuraraq buta işləyirəm”.

Gülnarənin hekayəsi göstərir ki, hər çətinliyin arxasında yeni ümidlər, uğur dolu yollar var. Hər bir insan istədiyi sahədə nailiyyət əldə edə, həm özünü inkişaf etdirə, həm də cəmiyyət üçün faydalı ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью