İlon Mask: Süni intellekt qlobal iqtisadiyyatı 30 trilyon dollar artıracaq

01.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Amerikalı milyarder və sahibkar İlon Mask süni intellekt (Sİ) və robototexnikanın gələcəyi ilə bağlı sensasion proqnozlar səsləndirib. Maskın fikrincə, süni intellekt texnologiyaları yaxın illərdə qlobal iqtisadiyyatın həcmini 20–30 faiz artıraraq dünya bazarına illik əlavə 20–30 trilyon dollar gəlir gətirə bilər.

Rəqəmsal sahədə insan əməyi əvəzlənəcək

Mask bildirib ki, materiyaya fiziki müdaxilə tələb etməyən, rəqəmsal mühitlə bağlı bütün proseslər artıq gələn ilin sonuna kimi tam olaraq süni intellektə həvalə edilə bilər. O, xüsusilə proqram təminatı və mühəndislik sahəsində böyük sıçrayışın gözlənildiyini vurğulayıb:

"Süni intellekt proqramlaşdırma sahəsində insanları tamamilə geridə qoyacaq. O, şahmatda ən güclü qrossmeysterləri belə çətinlik çəkmədən məğlub edən 'Stockfish' proqramı səviyyəsinə çatacaq. Önümüzdəki 12–18 ay ərzində insanın proqram təminatı işlənməsində Sİ ilə rəqabət aparması qeyri-mümkün olacaq."

Dünyada 1 milyarddan çox humanoid robot olacaq

İlon Mask robototexnika sahəsində də eksponental inkişafın başlanacağını qeyd edib. Onun sözlərinə görə, robotların özləri oxşar mexanizmləri istehsal etməyə başladıqdan sonra zəncirvari sürətlənmə effekti yaranacaq.

Təxminən 10 ildən sonra dünyada 1 milyarddan çox insanabənzər (humanoid) robotun fəaliyyət göstərəcəyini deyən iş adamı, tək bir robotun iş məhsuldarlığının insandan orta hesabla 5 dəfə yüksək olacağını diqqətə çatdırıb.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью