Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"Tesla" şirkətinin baş icraçı direktoru İlon Mask elektrik enerjisi ilə çalışan "Tesla Semi" yük maşınlarının təxminən bu ilin sonu və ya gələn ilin əvvəlində tam avtonom idarəetmə sistemi ilə təmin olunacağını bəyan edib. Lakin iş adamının avtonom sürüş sahəsində illərdir reallaşmayan proqnozlar tarixçəsini nəzərə alan ekspertlər, uzaq məsafəyə yük daşıyan hayvey sürücülərinin kütləvi şəkildə işsiz qalmaq təhlükəsilə yaxın zamanlarda üzləşməyəcəyini bildirirlər.
Bu açıqlama "Tesla"nın 2026-cı ilin ikinci rübünə dair maliyyə nəticələrinin təqdimatı zamanı səsləndirilib. "LightShed" şirkətinin analitiki Uolter Pitsikin "Tesla Semi" modelinin avtonom versiyasının nə vaxt işıq üzü görəcəyi ilə bağlı sualını cavablandıran Mask, əvvəlcə ABŞ-da kəskin sürücü çatışmazlığının mövcudluğuna diqqət çəkib. O, ölkə daxilində yük daşımalarını təmin edəcək kifayət qədər kadrın olmadığını vurğulayaraq, avtopilot sistemini insan əməyini əvəzləyən vasitə kimi deyil, sürücünün təhlükəsizliyini və rahatlığını artıran köməkçi texnologiya kimi qələmə verib.
Analitiklər isə Maskın arqumentlərindəki ziddiyyətə diqqət çəkirlər. Əgər sürücü, mövcud "Full Self-Driving" (FSD) sistemində olduğu kimi, kabinədə oturmağa məcburdursa, bu, sürücü qıtlığı problemini həll etmir. Mask yekunda söhbətin insansız idarə olunan tam avtonom rejimdən getdiyini desə də, yaxın altı ay ərzində əsas diqqətin "Model 3", "Model Y" və "Cybercab" taksilərinə yönəldiləcəyini, "Tesla Semi" üçün avtopilotun hazırlanmasının isə müvəqqəti olaraq ikinci plana keçəcəyini dəqiqləşdirib.
Ekspertlərin yeni bəyanata təmkinlə yanaşmasının əsas səbəbi keçmiş təcrübədir. "MuskOmeter" analitik layihəsinin məlumatına əsasən, Maskın son 13 ildə verdiyi 94 açıq vəddən yalnız 8-i müəyyən edilən vaxtda həyata keçib ki, bu da 10 faizdən az göstəricidir. Biznesmenin avtonom idarəetmə ilə bağlı 46 proqnozu isə ümumiyyətlə reallaşmayıb.
Hazırladı:
ArzuƏliyeva
XQ