İmamverdi İsmayılovun “Labirint” əsərini düşünərkən

21.10.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Nadir Məmmədli

AMEA-nın Dilçilik İnstitutunun direktoru,

Filologiya elmləri doktoru, professor


“ROLLAR BÖLÜŞDÜRÜLÜB,

SƏN HEÇ “VƏ BAŞQALARI” DA DEYİLSƏN!..”

Qarşıya çıxan ən çətin yolun nə başlanğıcı görünür, nə də sonu: o yolun xəritəsi yoxdur. İnsan həmin yolu ayaqları ilə deyil, düşünsi, həyəcanı, xatirələri və vicdanı ilə keçir. Və bir gün anlayır ki, axtardığı çıxış qapısı elə öz içindədir. Hər gün sayır: illəri, günləri, itirdiyi imkanları, başına gələn uğursuzluqları, özünün və başqalarının səhvlərini… Yaşadıqlarının hesabını aparmağa, dünyanı tanımağa çalışır: uzaq yolları yaxınlaşdırır, əlçatmaz zirvələrə qalxır, dənizlərin dərinliyinə enir, lakin bütün bu axtarışların içində ən yaxın məsafəni – özünə gedən yolu qət edə bilmir. Başqalarının dərdinə şərik olur, suallarına cavab verir, amma özü ilə tək qalanda düşünür: “Divara hörüklənib gözünü qamaşdıran və bir andaca çəkilib gedən zərif şüalara baxıb fikirləşdi ki, odlu-alovlu doğan Günəş də qüruba gedər: vaxtı-vədəsi var.”

İnsanın əsl tənhalığı elə həmin düşüncədən sonra başlayır: “Nə görürəmsə, qarşıma nə çıxırsa, qeyri-ixtiyari təkrar saymağa başlayıram. Günahkar axtarıram, dəxli var, ya yox.”

Yazıçı İmamverdi İsmayılovun “Labirint” povestini oxuyarkən düşündüyüm budur: insanın yaşamaq istəyi və yaşamaq qorxusu.

Bəs insan öz içində nə vaxt azır? lk səhvindəmi, ilk qorxusundamı, yoxsa öz həqiqətindən üz döndərdiyi məqamındamı? Əsərin qəhrəmanı həyatı öz düşüncələrinin çərçivəsinə salmağa çalışır… Sayır, müqayisə edir, ehtimallar qurur, keçmişə qayıdır, gələcəyi hesablamaq istəyir, lakin hər yeni hesab onu rahatlığa deyil, daha bir narahatlığa aparır. Qarşısında həyatın özü dayanıb – bütün gözlənilməzliyi, dəyişkənliyi və faniliyi ilə. Qəhrəman bütün bunların içində bir dayaq axtarır, ancaq onun ən böyük yanılışlarından biri hər şeyi anlamağın mümkün hesab etməsindəndir.

“Labirint” adı müəyyən bir mənəvi halı ifadə edir. Labirintə düşən adam üçün əsas məsələ yolun istiqamətini itirməsidir.

Qarşısında yollar var, seçim imkanları var, hər döngədən keçərək çıxışa çata biləcəyini düşünür, ancaq hər addım onu arzuladığı deyil, əksinə, daha da dolaşıq bir yola salır. Çıxış həsrətin sonunu göstərə bilər, amma ən vacib olanı – yolunu müəyyənləşdirə bilməz.

Təqvim ömrün neçə il davam etdiyini deyər, amma həmin illərin içində nə qədər yaşayacağımızı söyləməz.

Pul bir ehtiyacın qarşılığını ödəyə bilər, ancaq insanın bütün arzularını təmin edə bilməz: “Pul bəladı, şeytan xislətlidi, adamın qoynunda köç salar və tez də kiflənib qurdlanar, əl də tutar, pəl də vurar… Adına ayama qoşub, “Əl çirkidir”, – deyirlər, amma adamların içi və niyyəti ondan da pis. Acgöz məxluq elə hey qamarlayır, nə doyur, nə doymalanır. Qazanc həvəsləndirir, əl gətirdikcə vərdişkar olur, göz doymur, hər şey hədəqədən çıxır və kələfin ucu itir. … İnsan qazanmaq yolunda tər tökür, can qoyur, dəridən-qabıqdan çıxır, sonradan ayılıb, əldən gedən canını qaytarmaq üçün pul xərcləyir…”

Bəs onda insan nəyi axtarır? Dəyərli yazıçımız İmamverdi İsmayılovun “Labirint”inin düşündürücü tərəflərindən biri də budur.

Qəhrəman onu narahat edən fikirlərdən qurtulmaq istəyir, amma “ətrafında bir yığın adam ola, ancaq yalqız qalasan.” Çıxış axtardıqca yollar dolaşıqlaşır, rahatlıq tapmaq istədikcə daxili gərginliyi artır. Həyatın içində yaşamaq əvəzinə, başına gələ biləcəklərini düşünməklə məşğul olur: “İçim yanır, baş-beynim çalxalanır. Düşünürəm ki, filan şeyi eləsəm, ya eləməsəm noolar? Nə özümə inamım qalıb, nə sözümə. Havadan nəm çəkən adam kimi, hamıdan, hər şeydən xoflanıram, guya mən düzəm.”

Hər şeyi nəzarətdə saxlamaq istəyir, sabahın qayğısını bu gündən çəkir, dünənin səhvlərini bu günün çiynində daşıyır. Bir tərəfdən gələcəyin qeyri-müəyyənliyindən qorxur, digər tərəfdən isə keçmişin dəyişməyən həqiqətlərindən ayrıla bilmir.

Beləcə, zamanın içində qovrulur: “Yaxşı ki, sabah nə olacağını və nə baş verəcəyini qabaqcadan bilmirik…”

İmamverdi İsmayılovun əsl yazııçı ustalığı ilə qələmə aldığı povestdə labirint təkcə insanın psixoloji vəziyyətini ifadə edən bir anlayış olaraq qalmır, insan öz düşüncələrinin, fikirlərinin əsirinə çevrilir. Şübhə əvvəlcə ehtiyat hissi kimi baş qaldırır, sonra vərdişə, daha sonra isə insanın sərbəstliyini məhdudlaşdıran daxili qüvvəyə çevrilir. İnsanı ən çox yoran hadisələr yox, onların baş verəcəyi ehtimalıdır. Povestin qəhrəmanının yaşantılarında bu psixoloji gərginlik aydın görünür.

Müəllif onun vəziyyətini yalnız izah etmir, həm də oxucunu həmin narahatlığın gündəlik həyatın adi məqamlarına necə təsir etdiyini görməyə dəvət edir:

“Ayağını bir yerə qoy, görüm, hara gedirsən, ay halı bərbad?!.”

Söhbət sadəcə qəribə vərdişlərdən yox, insanın öz düşüncələri qarşısında azadlığını itirməsindən gedir. Davranışının zahiri tərəfi ilə daxili aləmi arasında bəzən uçurum yaranır. Kənardan məntiqsiz görünən bir hərəkətin arxasında qorxu, narahatlıq, özünü qorumaq istəyi, yaxud izahı çətin olan mənəvi gərginlik dayanır. Çox zaman başqasını anlamaq əvəzinə, mühakimə etməyə tələsirik, kiminsə niyə belə düşündüyünü, niyə belə davrandığını soruşmuruq. Fərqli görünən hər şeyi öz tərəzimizlə ölçürük – “ruhun qapıları hamı üçün eyni açarla açılmır!”

Qəhrəmanın faciəsi də məhz bundadır: yaşamaq istəyir, amma yaşamaqdan əvvəl onu düşünməkdən yorulur: “Hərənin içində özü boyda dərdi və hərəninki də öz boyuna biçili və bu ələmin səsi də başqadı, boyun əysən, yüklənib səni taqətdən salar”.

Ölümü düşünən adamın dərdi

Əsərin altbaşlığı təsadüfi deyil: “Bir ölüm haqqında povest”. Povestin ölümə münasibətini yalnız sonluq haqqında düşüncələrlə məhdudlaşdırmaq onun məna imkanlarını daraldardı. Burada ölüm həm insanın qaçılmaz aqibətidir, həm də yaşanan həyatın xofu. Qəhrəman ətrafında gördüyü yas mərasimlərini və məzarları, doğum evi ilə ölümün bir-birinə yaxınlığını müşahidə edir: “Tərslikdən onun yaşadığı məhlədə doğum evi ilə mərasim zalı yanaşı tikilmişdi. Guya, bu iki binanı bir-birindən aralı tiksəydilər, qurbanı olduğumun verdiyi ömür payı uzanacaqdı, yoxsa alın yazısı təzədən yazılacaqdı?!”

Başqalarının yaşını öz yaşı ilə müqayisə edir, ömrünün nə qədər qaldığını hesablamağa çalışır: “Bəs özünün sonuna neçə gün qalıb görən, Yazan bilər. Yaşıdlarının, tanış-bilişinin yaşından özününkünü çıxır, girinc qalıb qarışdırırdı. “Gərək neçə yaşını yox, necə yaşamağını soruşaydım…”

Hətta dəfn xərclərini əvvəlcədən düşünərək, ömrünün sonuna hazırlaşır. Bu hazırlığın arxasında qəribə bir ziddiyyət var: insan özünü ölümün qarşısında daha güvənli hiss etmək istəyir. Amma ölümün maddi tərəfini nizamlamaqla onun mənəvi ağırlığını aradan qaldırmaq mümkün deyil. Qəhrəmanın hesablamaları bir sərhədə gəlib çatır. O, nə qədər yaşadığını, nə qədər xərc çəkəcəyini, nə qədər vaxtının qaldığını düşünə bilər, lakin həyatın onun üçün nə ifadə etdiyini rəqəmlərlə müəyyənləşdirə bilməz.

Elə bu məqamda povest başqa bir sual doğurur: insan ölümdən qorxduğu üçünmü yaşamağı unudur, yoxsa yaşaya bilmədiyini hiss etdikcə ölüm haqqında daha çox düşünür? Bu iki hiss bir-birini gücləndirir: həyatın içində özünə yer tapa bilməyənlər üçün ölüm bütün cavabsız sualların sonudur! Ölüm haqqında düşündükcə həyatın dəyərini bilir, ancaq həmin axtarışın özü onu həyatın sadə həqiqətlərindən uzaqlaşdırır: ölüm haqqında düşünən insanın əslində həyatla nə qədər bağlı olduğunu görürük. Onun narahatlığı yalnız yox olmaq qorxusu deyil, bu dünyada yaşadığı halda, özünü dünyaya aid hiss edə bilməməsinin ağrısıdır.

Real bir obraz: gül satan uşaq!

Bir oxucu kimi, povestin mərkəzindəki bir epizoda diqqət çəkmək lazım gəlsəydi, gül satan uşağın yer aldığı səhnəni seçərdim. Çünki bu səhnədə qəhrəmanın daxili dünyası başqa bir bucaqdan görünür. O, küçədə gül satan uşağın zəhmətini görür, nə qədər gül satdığını soruşur, qazancını və ehtiyaclarını düşünür. Uşağın vəziyyəti onda mərhəmət hissini oyadır, ona kömək etmək istəyir:

“- Bu günə neçəsini satmısan, mənim balam, neçəsi qalıb?

“Beşini” eşidəndə, udqundu: bu zavallı gün ərzində nə satıb, nə qazanacaq, qursağını nəynən isidib, evinə nə aparacaq?

Rəhmi gəldi ona, qalan gülləri hesablayıb, hamısının parasını uzatdı.

Gülsatan oğlan karıxıb, nə edəcəyini bilmədən, soyuqdan qızarıb pörtmüş barmaqlarıyla əzik-üzük əskinasları saydı.

…Uşağın domba və donuq gözləri qaraldı, inadla əlini qaytarmaq istədi:

– Əmi, mən dilənmirəmeee, gül satıram, gül! Minnətsiz yaşamaq üçün, halal qazancla. Allah xətrinə, al gülünü də götür!

O, karıxıb qılıqlandı:

– Bilirsən, oğlum, sən bunu başqa yerə yozma. Məni bağışla, bağışla məni! Gülü alıb neyləyəcəm ki!? Bu ahıl çağımda, yan-yörəmdə gül hədiyyə verəsi heç kimim yoxdu mənim, heeeç kimim!..”

Uşaq verilən pulu dilənçi kimi qəbul etmək istəmir, zəhmətinin qarşılığında qazanc əldə etdiyini, ləyaqəti ilə yaşamaq istədiyini bildirir.

İki fərqli ehtiyac üz-üzə gəlir: bir insanın kömək etmək istəyi və digərinin öz zəhməti ilə yaşamaq arzusu; o, uşağın həyatını asanlaşdırmaq istəyir, amma uşağın onun qarşısında qoyduğu mənəvi sərhədi əvvəlcədən görə bilmir. Kömək təklifi gözlənilmədən öz tənhalığını da üzə çıxarır, hədiyyə edəcəyi gülün kimə lazım olacağını düşünəndə həyatındakı boşluqla qarşılaşır. Bu səhnədə heç kim uzun-uzadı fəlsəfi mülahizə yürütmür. Küçədə adi bir qarşılaşma insanın ləyaqəti, mərhəməti, tənhalığı və ehtiyacı haqqında bütöv bir düşüncə doğurur. Düşüncələrinin içində nə qədər itib-batsa da, başqasının ehtiyacına laqeyd deyil. Uşağın güzəranı onu düşündürür, burada həyatın dəyəri haqqında düşüncələri mücərrəd fikir çərçivəsindən çıxıb canlı münasibətə çevrilir.

Boş evin sükutu

“Labirint” povestində tənhalıq sadəcə qəhrəmanın ətrafında adamların olmaması ilə ifadə edilmir. Onun ətrafında şəhərin küçələri, insanlar var – həyat öz axarı ilə davam edir. Bu davamın içində qəhrəman özünə mənəvi yaxınlıq tapa bilmir. İnsanlarla qarşılaşır, lakin onlarla münasibət qurmaqdan uzaqlaşır. Başqalarının davranışlarında saxtalıq, laqeydlik və mənəvi çatışmazlıq görür. Bəzən müşahidələrində haqlı məqamlar olsa da, onun dünyaya münasibəti getdikcə daha çox narazılıqla yüklənir: “Axtara-axtara qorumaq istədiklərimizi də itiririk… Kədərin dərəcəsi yoxdu, qədəri var!..” Burada bir ziddiyyət üzə çıxır: insan başqalarının qüsurlarını gördükcə, özünü onlardan uzaqlaşdırır, uzaqlaşdıqca isə tənhalığı daha da dərinləşir: “…Ahıl bir dəstəyə qoşulub domino oynayardı. Sonradan gördü ki, bu qoca-qartımışlar boş-boşuna mırt vurub, yüz şəbeh çıxarır, yeddi dərənin suyunu bir-birinə qatır, bekarçılıqdan tanış-bilişin pulunu sayıb, torbasını tikir, yaxud kimisə vəzifəyə qoyub çıxarırlar. Zəhləsi getdi, dabanına tüpürüb, ta bir də üzükmədi o tərəflərə: “Yenə mənə şükür, mən daşı, ağacı sayıram, bu həpəndlərsə başqasının var-dövlətini…”

Tənhalıq həm yaşanan vəziyyət, həm də insanın dünyaya münasibətinin nəticəsi kimi görünür. Qəhrəmanın evinə qayıtdığı səhnələrdə bu hiss daha da güclənir. Ev insanın sığınacağıdır – günün yorğunluğundan sonra onu gözləyən, səsini tanıyan, yoxluğunu hiss edən bir məkan. Lakin qəhrəman üçün mənzil sığınacaqdan çox öz tənhalığı ilə üz-üzə qaldığı məkana çevrilir. Evin boşluğu təkcə əşyaların və insanların yoxluğu deyil, boşluqda ünsiyyətin, gözlənilməyin, doğmalığın çatışmazlığı duyulur.

İnsan bəzən izdihamın içində də tək qalır, bəzən isə bir nəfərin varlığı bütün evi doldurmağa kifayət edir. Məsələ ətrafında neçə adamın olması deyil, kiminsə həyatında, həqiqətən, yerinin olmasıdır. Tənhalığa bu baxımdan yanaşanda qəhrəmanın daxili əzablarını hiss edirik. Onun psixoloji vəziyyəti ilə insanlardan uzaqlaşması bir-birinə təsir edir. Hər şeydən narahat olan adam rahat münasibətlər qurmaqda çətinlik çəkir – münasibətlərdən uzaqlaşdıqca, öz düşüncələri ilə baş-başa qalır. Beləcə, daxili dünyası ilə onu əhatə edən mühit arasında uçurum yaranır.

Şəhər, dəniz və insan

Yazıçı İmamverdi İsmayılovun bənzərsiz təsvirlərində şəhər yalnız hadisələrin baş verdiyi məkan deyil, qəhrəmanın daxili vəziyyətini əks etdirən mənzərədir. Küçələr, binalar, pilləkənlər, dayanacaqlar və gündəlik həyatın axarı qəhrəmanın gözündə getdikcə yeknəsəq, yorucu bir görünüş alır: şəhər yaşayır, amma o, bu həyatın içində özünə yer tapa bilmir. Ətrafındakı canlanma onun daxilindəki durğunluğu aradan qaldırmır.

Dəniz isə başqa bir düşüncə qapısı açır. Qəhrəman dənizə baxarkən onun dalğalarında həyatın ritmini, mübarizəsini, geri çəkilməsini və yenidən qayıtmasını görür. Dəniz onun üçün sadəcə təbii mənzərəsi deyil, o, insana öz taleyi haqqında düşünməyə imkan verir. Dalğa sahilə gəlir, qırılır, geri çəkilir, bir dalğanın başlatdığı prosesi digəri davam etdirir. Bu mənzərədə həyatın davamlılığı ilə ayrı-ayrı varlıqların kövrəkliyi yanaşı dayanır: “Dənizi çox sevirdi, o da bir möcüzə. Hənirsiz bir sahil tapıb vaxtaşırı oralara gedər, saatlarla oturub, baxar, köpüklənən dalğaların sirrinə, sehrinə baş vurardı.

Dalğalar dənizin arteriya damarı, həyat nəbzidi: bir də görürsən, yeddi dalğa köpürüb qayalara çırpılır, sahilin sinəsinə sərilir, gah da üçüncüdə qırılıb, yolda qalır və nakam baxışla əriyib itir. Bəzən üç zərbə dördüncünü, dörd səkkizincini basmarlayır və ləpələrin alaşıq-dolaşıq savaşında dəniz onu anlamayanlara sanki savaş açmaq istəyir…

…Dalğalar geri qayıdır, onu özündən alıb aparır, günah yiyəsi kimi titrədir, beləcə, hərə öz içinə çəkilir… Və dənizlər də belə ölür…”

Ancaq qəhrəman təbiətə baxarkən də insanlardan, münasibətlərdən və həyatın çirkinliklərindən uzaqlaşa bilmir. Dənizin gözəlliyində belə insanın mənəvi ziddiyyətlərini görür. Bu mənzərə insanın təbiətlə münasibətindən daha çox, öz daxilindən qaçmaq imkanının məhdudluğunu göstərir. Məkan, mənzərə dəyişə bilər, şəhərin səs-küyündən dənizin sakitliyinə keçmək olar, lakin insan öz daxilində daşıdığı narahatlığı hər zaman geridə qoya bilmir.

Sonuncu qapı

Əsərin sonuna yaxın qəhrəmanın daxili gərginliyi ilə ətraf aləm arasındakı sərhəd daha da zəifləyib öləziyir. Ev, pilləkən, qapı, eyvan, göy üzü və küçə onun düşüncələrində vahid, lakin yorucu bir mənzərədə birləşir. Bir tərəfdən, həyatın içində qalmaq istəyir, digər tərəfdən isə yaşadığı əzabın ağırlığı altında çıxış yolu tapa bilmir. Onun düşüncələrində insanın təbiəti, yaxşılıq və pislik, mənəvi məsuliyyət haqqında suallar bir-birinə qarışır: “İnsan çiy süd əmib” deyirlər, ay-hay, guya bişirib versələr, canındakı pis vərdişlərin mayasımı əriyəcək!? … Biri quyu qazıb su verir, nur paylayıb savab yiyəsi olur, digəri quyunu öz aləmində qazır, torba tikib, ev yıxır. Beləsi hamıya yuxarıdan baxır, amma anlamır ki, Allah böyükdü, hamıdan yuxarıdadı və hər şeyi qədərincə görür.”

Əsərin əvvəlindən davam edən saymaq, yoxlamaq, müqayisə etmək və ölüm haqqında düşünmək xətti finalda son həddinə çatır. Başlanğıcda vaxtın keçdiyini müşahidə edən insanın düşüncələri sonda zamanın özündən daha ağır bir sualla üzləşir: ömrün sonuna yaxınlaşan adam geridə qoyduğu həyata necə baxır? Onun düşüncələrində uşaqlıq xatirələrinin, anasının səsinin və keçmişin doğmalığının yenidən canlanması təsadüfi görünmür. İnsan bəzən ən ağır məqamlarında özünü güvəndə hiss etdiyi ilkinliyinə – uşaqlığa, ana qayğısına, unudulmuş doğmalığa qayıdır: “Anasının sözüdü: “Hər qapı açana ürəyini açma!..” “Anası iniltiylə nəsə oxuyur, şərqi deyir. Qulaqları küyüldəyir, nə səs gəlir, nə ün yetir. Qızdırması bit-birə kimi canına yayılır: “Ay ANA! Sən hardasan, mənim ürəyim, harda?..”

Bu xatirələr keçmişi geri qaytarmır, ancaq qəhrəmanın indiki həyatında nədən məhrum olduğunu aydın göstərir.

Povestin sonluğunda cavabsızlıq əsərin emosional təsirinin bir hissəsinə çevrilir. Oxucu qəhrəmanın taleyini izləməklə yanaşı, insanın daxilində yaşadığı əzabın nə qədər dərinləşə biləcəyi haqqında da düşünür. Əsərin “Ölüm haqqında povest” adlandırılmasının mahiyyəti də bundadır. Ölüm yalnız həyatın sonunda baş verən hadisə deyil, onun kölgəsi insanın yaşam tərzinə, münasibətlərinə, özünə və dünyaya baxışına da düşə bilər. Ancaq bu kölgənin içində belə insan ləyaqətini, başqalarına münasibətdə həssaslığını və həyatın şirinliyini unutmamalıdır.

Həyatın hesabı

“Labirint”i oxuduqdan sonra yaddaşda qəhrəmanın yalnız narahatlıqları qalmır, daha mürəkkəb bir sual doğur: biz həyatın hesabını nə ilə aparırıq: illərlə, başqalarının bizim haqqımızda söylədikləri sözlərlə, kiməsə etdiyimiz pislik və ya yaxşılıqla, paylaşdığımız qayğı ilə, vaxtında dediyimiz bir xoş sözlə? Bu suallara asanlıqla cavab vermək mümkün deyil, ancaq qəhrəmanın taleyi bizi yaşadığımız ömrün haqq-hesabına yenidən baxmağa vadar edir. Həyatı dəyərəndirmək üçün sadaladığımız vasitələr, onun mənasını müəyyənləşdirməyə kifayət etmir. İnsan ömrünün sonuna əvvəlcədən hazırlaşa bilər, amma bu, yaşayacağı günlərin hamısını mənalı etmir. O, hər ehtimalı nəzərə ala bilər, amma həyatın gözlənilməzliyindən qaça bilməz. Ətrafındakı dünyada çoxlu qüsur görə bilər, lakin həmin qüsurların içində özünü və başqalarını anlamaq məsuliyyətindən azad deyil: “Qəlbinə bir zikr doldu: “Ey darda olanların dadına çatan Rəbbim! Sən özün kömək ol bizlərə!..”

İnsanın əsas işi həyatın bütün suallarına cavab vermək deyil – cavabsız sualların arasında da insan olaraq qala bilərik. İmamverdi İsmayılovun “Labirint” povesti də bizi məhz bunu düşünməyə vadar edir.

Qəhrəmanın yaşantıları insanın daxili narahatlığını, ölüm qarşısındakı acizliyini və mənəvi yaxınlığa ehtiyacını üzə çıxarır. Fərdi iztirabla ümumbəşəri suallar bir-birinə qarışır: insan ömrünün hesabını apararkən içindəki ən qiymətli şeyi – yaşamaq duyğusunu, doğmalığı, mərhəməti hesaba almırsa, onda qazandığı nədir? Bəlkə də ən böyük itki məhz budur: insanın yaşamaq naminə həyatın özündən uzaqlaşması. Axı, həyat heç kimin hesabını gözləmir: səhərləri açır, axşamları ötürür, fəsilləri dəyişir, küçələrdə insanlar qaynaşır, bir uşaq əlində gül satır… Bütün bunların içində hər kəsin öz payı var. Kimisi həmin payı qorxu ilə qarşılayır, kimisi ümidlə, kimisi də necə yaşadığını yalnız geriyə baxanda anlayır.

Həyatın ən çətin hesabı neçə il yaşadığımız deyil, yaşadığımız illər ərzində nəyi qoruyub saxlaya bilməyimizdir!..

Ömrün həqiqi dəyəri təkcə onun uzunluğunda deyil, həyatımızda və başqalarının həyatında buraxdığımız mənəvi izlərdədir!..

Ən böyük həqiqət isə budur: insan öz daxilindəki labirintdən çıxış axtararkən özünü itirməməlidir!..


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью